BANK

Yeganə çıxış yolu bankların dollar tələbatını tam ödəməkdir – EKSPERT
17 NOYABR
1027

Yeganə çıxış yolu bankların dollar tələbatını tam ödəməkdir – EKSPERT

2016-11-17 15:03:00

Xəbər verdiyimiz kimi bu gün bankların çoxu – 18 bank dollar satışını dayandırıb. Fins.az-ın əldə etdiyi məlumatlara görə, bankların bu qərarı tək fiziki şəxslərin deyil, şirkətlərin, iş adamlarının işinə zərbə  vurub.  

ABŞ valyutasını  əldə etmək və ya onunla əməliyyatlar həyata keçirmək istəyən  iş adamlarına “yox” cavabı verilib. Bu isə həmin şəxslərin idxal-ixrac əməliyyatlarını, xarici hesablara vəsait ödənişlərini  gecikdirib.Bu səbəbdən biznes sahiblərinin işi iflic olub, onlara külli miqdarda ziyan dəyib.  

Hüquqşünas Əkrəm Həsənov bildirdi ki, valyuta satışı kommersiya fəaliyyətidir və bankı mütləq bu əməliyyatları aparmağa məcbur etmək olmaz.”Dolların daha da bahalaşması gözləntisi olduğundan banklar valyutanı saxlayır ki, daha baha satsın.  Amma bunu hər gün  davam etdirmək olmaz. Çünki banka manat da lazımdır”. 

Ə.Həsənovun fikrincə, bankların dollar satışını dayandırmasının əsas səbəbı Dövlət  Neft Fondunun və Mərkəzi Bankın  banklara tələb olunan qədər dollar satmamasıdır: “Banklara dollar satmaq vəzifəsi Mərkəzi Bankın üzərindədir. Dolların məzənnəsini elan edibsə, həmin məzənnə ilə də satmalıdır.Satmırsa, deməli, məzənnəsi saxtadır, real deyil və devalvasiyaya getməlidir. Mərkəzi Bank isə nə kəskin və qaçılmaz devalvasiyaya gedir, nə də dollar satır. Nəticədə ölkə iqtisadiyyatı, ödəniş sistemimiz iflic vəziyyətə düşüb. Nəinki idxal-ixrac, heç daxili ödənişlər də icra olunmur”.

Hüquqşünas hesab edir ki,  vəziyyətdən yeganə çıxış yolu banklara kifayət qədər dollar satmaqdır: ”Əhali və sahibkarlar burada heç nə edə bilməz. Dövlət qurumları bu məsələdə tədbirli olmalıdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270