BANK

Manatın azalması inflyasiyanın qarşısını alacaqmı?
26 OKTYABR
490

Manatın azalması inflyasiyanın qarşısını alacaqmı?

2016-10-26 10:43:00

Mərkəzi Bank ölkədə pul-kredit siyasətini sərtləşdirməlidir. Beynəlxalq Valyuta Fondunun Azərbaycan hökümətinə son çağırışları da bununla bağlı artıq bir neçə aydır ki, atılan addımların haqlı olduğunu göstərdi. Səbəb isə inflyasiya amillərinin sürətlənməsi fonunda onun nəzarətdən çıxa bilmə təhlükəsinin yüksəlməsidir.   

İnflyasiya ikirəqəmlidir  

Fins.az olaraq qeyd edək ki, əslində artıq bir neçə aydır ki, ölkədə monetar siyasətin sərtləşdirilməsi tendensiyası görünürdü. Bəs, BVF-in bu çağırışları özündə hansı tendensiyaları əks etdirir və hazırki vəziyyət nələri tələb edir? 

İlk növbədə ölkədə dövriyyədə olan pul bazasının artmasının qarşısını almaq lazımdır. Mərkəzi Bank depozit hərracı keçirməklə buna nail olmağa çalışır. Lakin effektivdirmi və ya niyə effektiv deyil bu başqa bir mövzudur. Eyni zamanda iqtisadiyyata buraxılan pul kütləsinin boğulması, başlanılan iqtisadi islahatların neftin qismən bahalaşması fonunda sonradan ləngiməsi ilin sonunda iqtisadiyyata dəyən zərərlərin daha qabarıq şəkildə ortaya çıxmasına səbəb oldu. Daxili bazarın inkişaf tendensiyasının zəifləməsi təkcə vergi daxilolmalarının həcmində özünü göstərmədi, eyni zamanda əksər məhsullar üzrə idxaldan asılılıq nəticəsində manatın dəyirsizləşməsi fonunda qiymətlər kəskin yüksəldi. Bu isə inflyasiyanın sürətini artırdı. Rəsmi məlumatlara əsasən, avqust ayında inflyasiya 10,8 faiz olub. Yəni ikirəqəmli inflyasiya baş verib, ona görə də onun yüksəlməsinin qarşısını almaq lazımdır. 

Pulsuzluq

Oktyabrın 1-nə olan məlumata əsasən, 1 ay ərzində pul bazası 602,1 milyon AZN azalaraq6810,3 milyon manata düşüb. Xatırladaq ki, sentyabrın 1-nə olan rəqəm 7412.2 milyon AZN təşkil edirdi. Bu ilin ötən aylarında pul bazasının ən aşağı həddi 29.01.2016-cı ildə 5787,4 milyon AZN olub. Yay aylarında pul kütləsi artaraq 7689,4 milyon AZN-ə yüksəldi. Dövriyyədə manatın artması isə analoji olaraq valyutaya tələbi yüksəltdiyindən avqust ayında yaşanan valyuta ajiotajı və qara bazarın inkişafı dolların məzənnəsinin kəskin artmasına səbəb oldu. Sentyabr ayından başlayaraq Mərkəzi Bankın dollar tələbini ödəməklə bağlı atdığı addımlar isə sonda manatın bazardan yığılmasına səbəb oldu və dolların kursu yenidən düşdü. Lakin dolların yenidən bahalaşmasının şahidi oluruq. Buna əsas səbəblərdən biri də ölkəyə idxal olunan məhsulların dəyərinin ödənilməsi üzrə şirkətlərin öhdəliklərinin vaxtının çatmasıdır. Təbii ki, bunun üçün valyutaya tələb də artır. Lakin Mərkəzi Bankın valyuta ehtiyatları əvvəlki kimi 15 milyard ətrafında deyil, 4 milyard ətrafındadır. Bu isə öz növbəsində monitar siyasətdə “ehtiyyat yastığı”ndan istifadə edilməyəcəyi deməkdir. Başqa sözlə, valyuta ehtiyyatlarının 3,5 dəfə azalması Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır.      

İslahatlar sürətlənməlidir

İdxalın səviyyəsinin yüksək olması və tədiyyə balansındakı 6 milyardlıq kəsir isə iqtisadi islahatların gücləndirilməsini tələb edir. Risk Peşəkarları Assosiasiyasının rəhbəri Elman Sadıqovun sözlərinə görə, hökümət üçün müəyyən vaxt lazımdır ki, inflaysiya nəzarətdən çıxmasın. Artıq belə bir ehtimallar var və bunun qarşısı vaxtında alınmasa inflyasiya özü katalizator rolunu oynayaraq bu prosesin  dərinləşməsinə aparacaq. “İqtisadiyyatda pul qan funksiyasını daşıyır. Əgər dövriyyəyə pul buraxılmırsa, deməli, banklar kredit vermir və nəticədə sahibkarlığın inkişafı zəifləyir”, deyən ekspert zərərlərin kompensasiya edilməsi üçün islahatların daha sürətlə aparılmasının vacibliyini vurğuladı. "Bu tədbirlər həm də inflyasiya təhlükəsini cilovlamağa kömək edəcək. Sırf monitar üsullarla vəziyyətdən çıxmaq çətindir. İslahatlar kömpleks olaraq bütün sektorları əhatə etməlidir".     

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275