BANK

Mərkəzi Bank yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatası? – Maraqlı DETALLAR
03 OKTYABR
2055

Mərkəzi Bank yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatası? – Maraqlı DETALLAR

2016-10-03 09:11:00

Dünya çətin iqtisadi böhranla üz-üzədir. Azərbaycan da bu iqtisadiyyatın parçası olaraq yaranan problemdən öz nəsibini alıb. Manatın dollara nisbətən məzənnəsi ucuzlaşıb,  bir neçə bank bağlanıb. Üstəgəl, əhali ilə banklar arasında kredit problemi hələ də öz həllini tapmayıb. 

Bu fonda maliyyə bazarlarına nəzarət etmək uğrunda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında gizli rəqabət nəzərlərdən qaçmır. Bəs onlardan hansı ölkəni ağır iqtisadi böhran şəraitindən xilas etmək iqtidarındadır?

Fins.az Modern.az-a istinadən xəbər verir ki, sualı iqtisadiyyat yazarları cavablandırıb.

Fins.az saytının rəhbəri Əli Əhmədov deyib ki, adı çəkilən qurumlar Azərbaycanda iqtisadi vəziyyəti düzəldə bilməz:

“Bank sektorundakı vəziyyətdən danışırıqsa, məsələlərin 60 faizi Maliyyə Bazarlarına Nəzarət Palatasının, 40 faizi Mərkəzi Bankın payına düşür. Ümumi iqtisadi vəziyyətdən danışanda isə Mərkəzi Bank və Maliyyə Nazirliyinin hər birinin proseslərə 35 faiz, Palata və digər qurumların (İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyi) isə 30 faiz təsir imkanları var.

Ümumi iqtisadi konyuktura, biznes mühiti yaxşılaşmasa, biznesin qarşısındakı maneələr aradan qalxmasa və müxtəlif qurumlar sahibkarların işinə müdaxiləni dayandırmasalar, bəzi sahələrdəki inhisarçılıq aradan qalxmasa, xüsusilə tikinti icazələri sadələşdirilməsə, o cümlədən tikintiyə nəzarət edən qurumlar və yerli İcra Hakimiyyətləri bu məsələdəki neqativ rolu dayandırmasalar, bu iki qurumun vəziyyəti düzəltmək cəhdləri nəticə verməyəcək”. 

“Report”un iqtisadi analitiki Cavid Əzimovun fikrincə, ölkədə struktur islahatlarının keçirilməsinə ehtiyac var:

“İnanmıram ki, bu qurumlar ölkədəki iqtisadi durumu tarazlaya bilsinlər. Çünki struktur islahatları keçirməyə çoxdan ehtiyac yaranıb. Adıçəkilən qurumların bu məsələlərdə heç bir köməyi ola bilməz.

Əsas məsələ ölkəyə gələn valyutanın həcminin artırılmasıdır. Bu istiqamətdə ciddi işlər görülməlidir. Əks halda neftin qiymətinə bağlı olaraq yaşamağa davam edəcəyik. O da yüksəlməyə bilər”.

C.Əzimov qeyd edib ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatında canlanma olmayacaq:

“İqtisadiyyat dib nöqtəsini tapdıqda, banklar manatla krediti bərpa etdiyində bu mümkün olacaq. Hələ ki bu barədə danışmaq tezdir”. 

“Həftə içi” qəzetinin müxbiri Naibə Qurbanovanın sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsi üçün yaradılan bir qurumdur:

“Dünyanın bir çox ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir. Bu qurumlar Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər aidiyyatı qurumlarla birgə fəaliyyət göstərir. Yəni biri digərini əvəz etmir. Odur ki, yaranmış problemi bu qurumlardan hansısa birinin həll edəcəyini demək düzgün olmazdı. Digər tərəfdən, Palata yeni yaradılıb. Bununla belə, ötən müddət ərzində Mərkəzi Bank və ya Maliyyə Nazirliyi ilə hər hansı mövzuda bir araya gəldiyi müşahidə olunmur. 

Yenə də hamı əsas açıqlamanı Mərkəzi Bank və onun rəhbərindən gözləyir. Baxmayaraq ki, Mərkəzi Bank sədri Elman Rüstəmov hər dəfə maliyyə sektorunda, xüsusilə də maliyyə sabitliyinin yaradılması uğrunda birgə çalışacaqlarını deyir. Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmadığına və əvvəlki formada qaldığına görə yaxın gələcəkdə də əsas gücün bu qurumun üzərinə düşəcəyini demək olar. 

Bank xidməti istehlakçıların hüquqlarının qorunması və müştəri-bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi yönündə görülən işlərə nəzərə saldıqda gələcək üçün səlahiyyətləri çərçivəsində Palatanın fəaliyyətinin daha çox yaddaqalan olacağını demək olar. Bu mənada qurumun banklarda yoxlamalar aparmasını, marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalarını vurğulamaq olar”.

APA-nın İqtisadiyyat şöbəsinin baş redaktoru İlkin Əhmədov hazırki vəziyyəti belə şərh edib:

“Adını çəkdiyiniz qurumların, o cümlədən adını çəkmədiyiniz Mərkəzi Bankın rəhbərləri dəfələrlə deyib ki, biz koordinasiyalı şəkildə çalışırıq. İnanıram ki, bu, belədir. Ən azından son proseslər, yəni manat kütləsinin sıxışdırılması istiqamətində atılan addımlar onu göstərir ki, bu qurumlar əlaqəli şəkildə çalışır. Ümumilikdə, manat kütləsinin sıxışdırılmasını düzgün addım saymaq olar. Lakin iqtisadiyyata, xüsusilə də real sektora hava-su kimi manat kütləsi lazımdır. Detallara varsaq, Maliyyə Nazirliyi və Mərkəzi Bank manat qıtlığı yaratmaq niyyətindədir və bu niyyəti baş tutur. Burada onlara Maliyyə Bazarlarına Nəzarət Palatası yardım edir.

Belə ki, heç kəsə sirr deyil ki, banklar faktiki olaraq manatla kredit vermir (reklamlarda bunun əksi iddia olunsa da). Bəzi istisnaları nəzərə almasaq, valyutada kreditlərə maraq yox səviyyəsindədir.

Bu qurumların iqtisadi durumumuzu tarazlamağına gəlincə, yuxarıda qeyd etdiklərim göstərir ki, qeyri-müəyyənliklər çoxdur. Burada əsas yük Maliyyə Nazirliyinin üzərinə düşür. Çünki Maliyyə Nazirliyi ilə müqayisədə Palatanın fəaliyyət dairəsi xeyli məhduddur. Mərkəzi Bankın da bazara müdaxilələri (uçot dərəcəsinə müdaxilə, valyuta və depozit hərraclarını keçirməklə) mühümdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272