BANK

Proqnoz: Pul bazasındakı azalma ilin sonuna kimi davam edəcək
02 SENTYABR
504

Proqnoz: Pul bazasındakı azalma ilin sonuna kimi davam edəcək

2016-09-02 11:57:00

Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin avqust ayında 225,9 mln. manat və ya 2,96% azalıb. 

Qeyd edək ki, pul bazası dövriyyədə olan nağd pul və bankların AMB-də müxbir hesablarındakı vəsaitləri əks etdirir. 

"Azərbaycanda kommersiya banklarının müxbir hesablardakı vəsaitlərin son aylarda təxminən 2 mlrd. manat həcmində olduğunu nəzərə alsaq, əsas azalmanın dövriyyədə olan nağd pulun həcmində baş verdiyini görərik. Dövriyyədə olan nağd pul bazası daralması əhalinin gəlirlərinin azalması səbəbindən baş verir. Burada büdcə xərclərinin azaldılması amilinin də rolu az olmayıb. Həmçinin, manatın məzənnəsinin zəifləməsi nəticəsində xarici valyutanın alışı üçün tələb olunan manat kütləsinin artması da prosesə təsir edir", - deyə analitiklər qeyd edib. 

Agentliyin ekspertlərinin fikrincə, manatın yumşaq devalvasiyasının davam etməsi səbəbindən pul bazasındakı azalma bundan sonra da davam edəcək. 

Xatırladaq ki, bu ilin mayında büdcə xərclərinin artırılması pul bazasının kəskin artmasına səbəb olmuşdur və məhz həmin aydan etibarən dollara olan tələbat və dolların məzənnəsi yüksəlməyə başlayıb. Qeyd edək ki, pul bazası may ayında 13,6%, iyunda 0,6% artaraq iyulun 1-də 7 689,4 mln. manata çatıb və bu, cari ilin maksimal həddidir.

"Report"un analitikləri hesab edirlər ki, ölkədə növbəti sərt devalvasiya baş verməsə, qarşıdakı aylarda pul bazasının həcmi 6,5 mlrd. manata qədər azalacaq. Məhz bu səviyyə dollara olan tələbatın və idxalın həcminin azalmasına səbəb olacaq: "Pul bazasını azaltmayaraq manatın bir qədər sərt devalvasiyası hesabına idxalın azalmasına nail olmaq mümkündür. Qeyd edək ki, Azərbaycanda bu il idxalın 8,5 mlrd. dollara yaxın olacağı gözlənilir ki, bununla da cari qiymətlərlə neft ixracının mövcud idxalın 60%-ni örtməsi proqnozlaşdırılır". 

"Unutmayaq ki, pul bazasının daralması amilinin əsas mənfi tərəfi iqtisadi fəallığa neqativ təsiri ilə bağlıdır. Bu, ölkədaxili ticarət dövriyyəsini aşağı salmaqla yanaşı, iş yerlərinin və vergi daxilolmalarının azalmasına, nəticədə isə büdcə öhdəliklərinin icrasında problemlərə gətirib çıxara bilər. Məhz bu səbəbdən, manatın sürətli devalvasiyası və pul bazasının sabitləşməsi daha effektiv addım kimi qiymətləndirilir", - deyə analitiklər əlavə ediblər.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270