BANK

Bankların "valyuta mərci" - MÖVQE
15 İYUL
1497

Bankların "valyuta mərci" - MÖVQE

2016-07-15 12:20:00

Neft Fondunun keçirdiyi hərraclarda stabil olaraq 50 mln. dollar təklif olunurdu. Əslində bu məbləğ bazarın tələbini tam təmin etməsə də, bazarı doymamış vəziyyətdə saxlamaq və öyrəşdirmək baxımından uğurlu bir gediş idi. İyulun 12-də isə Neft Fondunun və Mərkəzi Bankın hər birinin 100 mln. AZN məbləğində vəsaiti banklara təklif etməsi böyük maraq doğurdu. Bu addımın davamı olaraq iyulun 14-də yenidən 50+50 formatında USD vəsaitinin təklifi əslində nə ifadə edə bilər? 50 mln. təklifi 100 mln.-a nəyə görə qalxdı? Əslində məqsəd nə idi?

İqtisadçı Aqil Zeynallı hesab edir ki, bu qədər vəsaitin eyni gündə hərraca çıxarılması təklifin miqdarını iki dəfə artırmaqla tələbi xeyli üstələmək yolu ilə dolların manat qarşısında ucuzlaşmasına iqtisadi əsas yaratmağı daha çox ifadə edir. Lakin reallıq ondan ibarətdir ki, banklar vəsaiti tamamilə alırlar və təklif 100% reallaşdırılır. Bununla belə sabahkı məzənnənin hələ də bugünkü məzənnədən çox olması əslində real bazar tələbinin təklifi xeyli üstələdiyini ifadə edir.  12 iyul tarixində 29 bank 200 mln. USD aldısa, 14 iyul tarixində 24 bank 100 mln. USD almış oldu.  Nəzərə alaq ki, məzənnə volatilliyinin ciddi müşahidə olunduğu vaxtda bu vəsaitlər kredit resursu kimi deyil, spekulyasiya predmeti kimi çıxış edirlər. Təşvişə düşən banklar isə xeyli dollar ehtiyatı yığmaqla “valyuta mərci”nin iştirakçılarına çevrilirlər. Əgər yuxarıda qeyd olunan kimi yüksək təklif etmə yolu ilə Mərkəzi Bank və Neft Fondu vasitəsilə məzənnənin aşağı salınmasına sonda nail olmaq istənilirsə, belə olan halda bankların əlində cəmlənən dollarların dəyərsizləşməsi ilə banklar AZN ifadəsində çox böyük zərərə uğrayacaqlar. Məzənnə nöqteyi-nəzərindən baxdıqda isə məzənnənin hər gün ötən günə nisbətdə müəyyən bənd artıqlığının artıq xeyli müddətdir davam etməsi hərrac iştirakçısı olan bankları daha çox USD almağa sövq edir. A.Zeynallının fikrincə, ölkədə fəaliyyət göstərən bankların 50%-dən çoxunun dollara bu qədər maraqlı olması əslində narahatedici haldır. Aydındır ki, onların ümidi "long position" istiqaməti üzrə məzənnə fərqindən gəlir əldə etməkdir. Lakin burada bir məsələni qeyd eləmək lazım gəlir ki, əgər məzənnənin aşağı salınması istiqamətində Mərkəzi Bank  addım atmağa maraqlıdırsa,  o addımın dərhal atılması və ya onunla bağlı siqnalın verilməsi məqsədəuyğundur. Hətta bu addımın bir neçə gün sonra atılmağı belə artıq gecikmiş ola bilər. Çünki  bununla bankların dolların möhkəmlənməsinə istiqamətlənən fikirləri bir qədər korreksiyaya uğrayacaq və banklar məzənnə haqqında yenidən və daha ciddi düşünməyə başlayacaqlar. Lakin belə olmasa banklar son AZN vəsaiti dollara dəyişməkdə maraqlı olacaqlar bu isə hansısa bir anda arzu olunan hal ilə nəticələnməyəcək.

İqtisadçının təhlillərinə görə, bugünə olan məzənnənin 5 bənd artırılaraq 1.5581 müəyyən edilməsi müəyyən qədər bankları düşünməyə dəvət edən siqnaldır. Əgər belədirsə,  növbəti günlərdə məzənnənin aşağı salınmasının da şahidi ola bilərik. Ancaq bir məsələni də unutmaq lazım deyil ki, ola bilər ki, Mərkəzi Bank iyulun 27-də FED-in növbəti iclasına qədər məzənnənin xırda bəndlərlə də olsa artırılmasında maraqlı olsun. FED uçot faiz dərəcəsini artırsa daha Mərkəzi Bankın məzənnəni aşağı saxlamaq məsələsi  yəqin ki, aktual olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271