BANK

İpoteka kreditləri almaq üçün tələb olunan – SƏNƏDLƏRİN SİYAHISI
22 İYUN
5133

İpoteka kreditləri almaq üçün tələb olunan – SƏNƏDLƏRİN SİYAHISI

2016-06-22 22:57:00

Xəbər verildiyi kimi, Azərbaycanda ipoteka kreditlərinin qaydaları dəyişir. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında» fərmanda bildirilir.

Bu fərmanla Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları da təsdiqlənib. Həmin qaydalarda digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditlərinin kimlərə veriləcəyi müəyyən edilib.

Qaydalara əsasən ipoteka kreditləri aşağıdakı prosedurla veriləcək:

İpoteka kreditinin verilməsi proseduru

1. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.

2. İpoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.

3. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

4. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:

4.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
4.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
4.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;

4.5. şəxs fərdi sahibkar olduqda:
1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
4.6. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

5. Bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulmuş hər hansı sənədin elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, ipoteka krediti almaq istəyən şəxs həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə həmin gün yerləşdirməlidir.

6. Müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

7. İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.

8. Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

9. Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.

10. İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.

11. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.

12. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274