BANK

Manatın ucuzlaşmasının səbəbləri bəlli oldu - EKSPERT
16 İYUN
3200

Manatın ucuzlaşmasının səbəbləri bəlli oldu - EKSPERT

2016-06-16 11:24:00

İqtisadçı ekspert Vüqar Bayramov manatın son həftələr dəyərsizləşmə səbəbləri və Azərbaycanda dolların nə zamanadək və hansı səviyyədə möhkəmlənə biləcəyi ilə bağlı fikirlərini paylaşıb.

Ekspert bildirib ki, əgər, mayın 25-də 100 dollara almaq üçün rəsmi məzənnədə 149 manat ödəmək lazım idisə, hal-hazırda bu məbləğ üçün 152 manata yaxın vəsait ödənilir. Bu isə o deməkdir ki, son iki həftədə hər 100 dollar üçün rəsmi kursda milli valyutamız 3 manat, qara bazarda isə 5 manat dəyərsizləşib.

Manatın dollara nisbətən dəyət itirməsinin əsas səbəbləri bunlardır:

1. Həm biznesin və eləcə də bankların, həm də dövlətin beynəlxalq maliyyə qurumlarına xarici valyutada ödənişləri.

Nəinki biznesin, eləcə də bankların xarici borc öhdəlikləri son illər xeyili dərəcədə artıb. Azərbaycan Respublikası 2016-cı ilin Dövlət Bücəsi Haqqında Qanuna əsasən, bu il 1,775 milyard manat vəsait büdcədən dövlət borcu və öhdəlikləri üçün ayrılacaq. Bu isə, 1 milyard 150 milyon dollar vəsait deməkdir. Kommersiya banklarının da cəlb etdiyi vəsaitlərin strukturunda xarici öhədliklərin payının az olmadığını nəzərə aldıqda dollara son həftələr artan tələbin səbəblərini izah etmək heç də çətin deyil.

2. İdxalın həcminin artması.

İkinci devalvasiyadan sonra idxalda müşahidə edilən durğunluq aradan qalxmaqdadır və yenə də idxalın həcmində artımları müşahidə edilir. İdxal ölkədən valyuta axını demək olmaqla yanaşı dollara tələbi də artırır. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin birinci rübündə Azərbaycanda xarici ticarət dövriyyəsi 3,607 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 1,781 milyard dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1,826 milyard dollarını (50,6 faizini) isə idxal məhsulları təşkil edib, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 23,9 faiz, o cümlədən ixrac 23,0 faiz, idxal isə 25,1 faiz azalıb. Deməli, idxal ixracdan çoxdur. Bu isə, idxal yolu dollara tələbin artması deməkdir.

3. Mərkəzi Bankın manat təminatı o cümlədən mərkəzləşdirilmiş kredit resusrlarının həcmində müşahidə edilən artımlar. 

Mərkəzi Bankın dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qisminin dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışırlar;

4. Əhalinin son həftələr dollara tələbinin yüksəlməsi.

Mayın sonundan başlayaraq həm psixoloji, həm də iqtisadi baxımdan əhalinin dollara tələbi yüksəlib və bu da məzənnəyə təsirsiz ötüşmür. Banklarda olan əmanətlərin 81 faizinin xarici valyutada olması ölkəmizdə dollarlaşma səviyyənin kifayət qədər yüksək olduğundan xəbər verir. Bu isə nəticədə vətəndaşların da artan dollar tələbi deməkdir.

Manatın məzənnəsinin növbəti dövrdə necə dəyişməsi isə birbaşa Mərkəzi Bankın davranışlarından asılı olacaq. Bununla belə, manatın yaxın gələcəkdə ciddi möhkəmləməcəyi inandırıcı deyil, daha çox dolların kursunda artımlar gözlənilir. Hələlik, Mərkəzi Bankın siyasəti daha çox məzənnə dəhlizini qorumağa hədəflənib. Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir edən baş bankın aydındır ki, dollara olan tələbə təsir imkanları elə çox deyil. Bu isə ondan xəbər verir ki, hətta mövcud məzənnə siyasəti dəyişdirilməsə də belə dollara tələbin artmasının davam etməsi manatın yumşalmasına səbəb olacaq. Deməli, top yenə də dollar meydançasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274