BANK

Mərkəzi Bankın ən çox kredit verdiyi 3 bank – MƏQALƏ
10 MAY
1055

Mərkəzi Bankın ən çox kredit verdiyi 3 bank – MƏQALƏ

2016-05-10 10:02:00

Ölkənin iqtisadi inkişafı ilə özəl sektorun kreditləşdirilməsi səviyyəsi arasında birbaşa düz əlaqə var: yüksək inkişafa malik ölkələrin hamısında özəl sektora verilən kreditlərin ÜDM-də payı yüksək, orta inkişaf səviyyəinə malik ölkələrdə orta, zəif inkişaf etmiş ölkələrdə isə aşağı olur.

Məsələn, Niderlandda 220%, Danimarkada 180%, Finlandiyada 165%, Almaniyada 140%, Böyük Britaniyada 140%, Fransada 135%, Avstraliyada 130%, Avstriyada 120%, Yaponiyada 110%, ABŞ-da 80%, Türkiyədə 72%, Braziliyada 65%, İranda 55%, Afrikanın və Asiyanın inkişafdan qalan ölkələrində 5-30% intervalında dəyişilir. İqtisadi təhlillə məşğul olan ekspertlərin bildiyi bu faktları xatırlatmaqda məqsədim başqadı. Özəl sektorun kreditləşmə səviyyəsinə görə, Azərbaycan da inkişafda qalan ölkələrin sırasında yer alıb. Beyəlxalq Bankın vasitəçiliyi və hökumətin zəmanəti ilə SOCAR-a verilən kreditləri nəzərə almasaq, Azərbaycanda bank sektorunun kreditlərinin ÜDM-də payı 30%-dən azdır. Belə bir mənzərə fonunda bütün iqtisadi subyektlərin kreditə bərabər əlçatanlıq imkanlarının təmin edilməsinə, kredit bazarında rəqabətli və ədalətli mühitin formalaşdırmasına birbaşa məsuliyyət daşıyan Mərkəzi Bankın özünün bank sektoruna verdiyi kreditləşmə mexanizmi nə dərəcədə şəffaf və ədalətlidir?

Rəqəmlərə baxıb, özünüz nəticə çıxarın. 2015-ci ilin yekunlarına görə 18.9 milyard manat aktivlərə malik olub. Həmin aktivlərin təxminən 6.3 milyard manatı (33.3%-i) kredit kimi banklara verilib. Şəffaflıq problemi də məhz bu resurslar ətrafında yaranır. Banklara verilən 6.3 milyard manat kreditin 4.493 milyard manatı və ya 71%-i 3 banka verilib. Mərkəzi Bankın kreditlərinin ifrat təmərküzləşmə səviyyəsinə fikir veririsinizmi - 40-dək bankın olduğu ölkədə 3 bank Mərkəzi Bankın kredit resurslarının 71%-nə sahib olur? Bu konsentrasiya hansı meyar və prinsiplə yaranır? Söhbət hansı banklardan gedir? Mərkəzi Bank haqqında Qanunun 33.2-ci maddəsinə görə, bankların yenidən maliyyələşdirmə əsasında kreditləşdirməsinin forma, qayda və şərtlərini Mərkəzi Bank müəyyən edir. Təəssüf ki, bu qaydalar qapalıdır və Mərkəzi Bank qaydaları açıqlamır. Halbuki ölkə Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsinə görə, Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. Yəni ictimai təsisat kimi bu qurumun dövlət sirri təşkil etməyən məlumatları, həmçinin normativ sənədləri cəmiyyət üçün açıq olmalıdır.

Eyni yanaşmanı hökumət zəmanəti ilə iqtisadiyyatın subyektlərinə kreditlərin verilməsində də görə bilərik. 2015-ci ildə Mərkəzi Bankın bütün kreditərinin 62%-i və ya 3.9 milyard manatı hökumət zəmanəti ilə verilib. Mərkəzi Bank haqqında Qanunun 49-1-ci maddəsinə görə, Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, real sektorun inkişafı üçün məqsədli (dövlət zəmanəti əsasında) kreditlər verə bilər. Amma hesabata baxdıqda həmin kreditlərin hansı məqsədlər üçün, hansı meyarlar və hansı subyektlərə verildiyi barədə heç bir məlumat verilmir. Qanuna görə, bu qaydaları da hazırlamaq Mərkəzi Bankın müstəsna səlahiyyətidir. Amma həmin qaydalar da ictimaiyyət üçün açıq deyil...

Halbuki, hesabatın açıqlanması nəticəsində əlində nəhəng maliyyə resursları olan Mərkəzi Bankın həmin resurslardan necə istifadə etdiyi barədə cəmiyyətin məlumatı olacaq. Məsələn, dövlət büdcəsi Parlamentdə müzakirə edildiyi üçün vətəndaş cəmiyyəti büdcə sənədlərini əldə edib medianı, lap elə sıravi insanları da büdcə ilə əlaqəli yetərincə məlumatlanıra bilir.

Mərkəzi Bankın xeyli sayda tənzimləmə səlahiyyətlərini Maliyyə Nəzarəti Palatasına alıb verməklə iş bitmir. Bu qurumun əlində qalan səlahiyyətlərini daha şəffaf, cəmiyyətə açıq və hesabatlı idarə etməsi məsələsi mütləq həllini tapmalıdır. Əks halda iqtisadiyyatı düşdüyü böhran vəziyyətdən çıxarmaq üçün mühərrik funksiyasını yerinə yetirməli olan bu orqanının proseslərə ciddi təsiri olmayacaq.

Nəzərə alaq ki, Mərkəzi Bank təkcə pul-kredit siyasətinin həyata keçirilməsinə və prosesin tənizmlənməsinə məsul olan aparıcı rəsmi qurumlardan biri deyil. Mərkəzi Bank həmçinin maliyyə sistemində Neft Fondundan sonra nəhəng resurslarını idarə edən qurumdur. Bu qurumun şəffaflıq səviyyəsini azı heç olmzsa Neft Fondunun tətbiq etdiyi sdandartlar səviyyəsində tutmaq lazımdır.

Bank sektorunda kredit resurslarının qıtlığında, bu resursların inkişaf etmiş ölkələrlə müqayisə də ən azı 6-7 dəfə baha olmasında da Mərkəzi Bankın kreditləşmə siyasətində ciddi problemlərin olmasının rolunu qətiyyən kənara qoymaq olmaz...

Müəllif: Rövşən Ağayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270