BANK

Problemli kreditləri 55%-ə çatdı – KREDİT TƏŞKİLATINDAN AÇIQLAMA
29 APREL 2016
1227

Problemli kreditləri 55%-ə çatdı – KREDİT TƏŞKİLATINDAN AÇIQLAMA

2016-04-29 15:19:00

Azərbaycanda dolların məzənnəsinin sabitləşməsi bu valyutada götürülmüş kreditlərin ödənişi ilə bağlı vəziyyəti heç də yaxşılaşdırmayıb. Bu barədə fins.az-a açıqlamasında “Viator” – bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin (İH) sədri Aynur Əliyeva bildirib. 

“Dolların 1,05 manat olacağını düşünürlər” 

Onun sözlərinə görə, əvvəlki aylarla müqayisədə dolların bir qədər ucuzlaşması müştərilərin ödənişləri dayandırmasına, gözləmə mövqeyinə keçməsinə səbəb olub: “İnsanlarda belə bir fikir yaranıb ki, dollar ucuzlaşa-ucuzlaşa gedəcək, hətta yenə əvvəlki kimi 1,05 manata olacaq, buna görə də krediti indi ödəmək lazım deyil”. 

“Rüfət Aslanlı açıq şəkildə dedi, amma ...”

Ödənişlərdə fasilə yaranmasına Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarla istehlak kreditləşməsinin dayandırılması barədə qərarı da təsir edib. “Bu qərardan sonra insanlar düşünürlər ki, Palata indiyə qədər verilmiş dollar kreditləri ilə bağlı da hər hansı qərar qəbul edəcək, dövlət bu kreditləri bağışlayacaq. Baxmayaraq ki, qurumun rəhbəri Rüftə Aslanlı açıq şəkildə dedi ki, bu məsələdə güzəşt olmayacaq. Buna baxmayaraq ödənişlərdə yayınma halları artıb” – deyə Aynur Əliyeva qeyd edib. 

Problemli kreditləri 40%-dən 55%-ə yüksəlib 

Bundan başqa, dollar kreditləri ilə bağlı müxtəlif ictimai şəxslərin efirdən, “Facebook” sosial şəbəkəsindən fikrini bildirməsi isə ödənişləri ləngidir. İnsanlar bununla bağlı yayılan şaiyələrə dərhal reaksiya verirlər. Bunu da Aynur xanım deyir. Onun sözlərinə görə, son nəticədə rəhbərlik etdiyi BOKT-un vaxtı keçmiş kreditlərinin ümumi kreditlərdə payı yanvar ayından bəri 15% artaraq 55%-ə çatıb. 

Kreditləşməni dayandırmayıb 

Verilmiş kreditlərin yığılmasındakı problemlərə baxmayaraq “Viator” kreditləşməni devalvasiyadan sonra da dayandırmayıb. İH sədri deyir ki, hazırda müsbət tarixçəsi olan iş adamlarına kredit verməkdə davam edirlər: “Sahibkarlara bacardıqca dəstək veririk, bu həm də bizim özümüzün vəsaitimizin dövr etməsi üçün lazımdır. Kredit verilməyəndə işçilərə də pis təsir edir, həvəsdən düşürlər, elə bilirlər ki, artıq təşkilat bağlanır, pul yığmaya meylli olmurlar. Kreditin dayandırılması həm də təşkilatın fəaliyyətini dayandıracağı ilə bağlı camaat arasında fikir yaradır, son nəticədə borclular ödənişdən yayınır”. 

Borcu manatla verir

Kreditlərdən söz düşmüşkən, dolların yenidən bahalaşması riski olsa da, “Viator” devalvasiyadan sonra heç kimə xarici valyutada borc verməyib: “Bizim manatla kredit verməyimiz insanlara təəccüblü gəlir, amma daxildə özümüz vəziyyəti tənzimləyib milli valyuta kredit ayırırıq. Bunlar da əsasın biznes kreditləridir. Ümumiyyətlə “Viator”un kredit portfelinin 99%-i biznesə yönəlib. Kreditləşmədə aqrar sektor 65% paya malikdir”. 

İşçilərin sayını və maaşını azaldıb 

İlin əvvəlindən bəri “Viator” işçilərinin sayını 15-20% azaldaraq 110-a endirib. Aynur Əliyevanın sözlərinə görə, kredit təşkilatı müqavilə müddəti başa çatan bəzi işçilərlə əməkdaşlığı davam etdirmək fikrində deyil: “Xərcləri azaltmağa çalışırıq, çünki əvvəlki kimi kreditləşmə yoxdur. İşçilərin sayını azaltmaqdansa onların maaşını azaldırıq. Başqa məsələlərdə də qənaət edirik. Məsələn, Ağdaş filialının ofisinin yerini dəyişdik, daha ucuz ofis tapdıq”.   

Xarici investorların şərtlərini pozub

Kredit kimi verdiyi vəsaiti əsasən xaricdən cəlb edən “Viator” hazırda əcnəbi investorlar qarşısında öhdəlikləri necə yerinə yetirəcəyi barədə də düşünür. Aynur Əliyevanın sözlərinə görə, bu ilin 2-ci yarısından etibarədən xarici investorların pulunun bir hissəsini qaytarmaq lazım gələcək. Amma bu məsələdə BOKT-a güzəşt ediləcəyi istisna deyil: “İnvestorlar vəziyyətimizi bilir. Biz əslində onların şərtlərini pozmuşuq, ziyanla işləyirik və verilmiş pul vaxtından əvvəl geri çəkilməli idi. İnvestorlar bunu etmədilər.Yəgin ki, biz onların pulunu vaxtında ödəyə bilməsək bizə yenə güzəşt edəcəklər, müddəti artıracaqlar. Hər ay bizim fəaliyyətimizi izləyirlər”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294