BANK

Borcu qaytarmamaq üçün bunları edirlər
28 APREL
976

Borcu qaytarmamaq üçün bunları edirlər

2016-04-28 14:41:00

Azərbaycanda banklara, mağazalara, eləcə də sadə vətəndaşlara borcu olanlar pulu qaytarmamaq üçün ən müxtəlif üsullara əl atırlar. Bu barədə fins.az-a açıqlamasında vaxtı keçmiş borcların qaytarılması ilə məşğul olan “BOA” – kollektor şirkətinin direktoru Samir Mustafayev bildirib.

“Maşını elə günə salırlar ki, ...”

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət ən çox problemlə avtomobil kreditlərini geri alarkən rastlaşır. Belə ki, kreditlə maşın alanlar və pulunu vaxtında ödəməyənlər avtomobilin əlində çıxacağını görüb onu gizlətməyə, söküb ehtiyat hissələrini satmağa cəhd edirlər: “Borclular heç vaxt demək istəmirlər ki, maşın hardadır. Onda biz məcbur oluruq ki, hüquq-mühafizə orqanlarına, yol polisinı müraciət edək ki, radarların hesabına bu maşının sürülüb-sürülmədiyini, yerini müəyyən edək. Amma bu üsul də bəzən effekt vermir, çünki banka uzun müddət borcu olanlar maşını sürməməyə çalışırlar”.

“Avtomobil ən yaxşı halda metallomluq olur”

Samir Mustafayev deyir ki, bəzən borclular maşın yararsız hala salırlar: “Maşın alan görəndə ki, pulu verə bilmir, onunla vəhşi kimi rəftar edir, nə cür gəldi sürür, avtomobil elə vəziyyətə düşür ki, artıq onu müsadirə etməyin mənası qalmır. Yəni, heç kim o vəziyyətlə həmin maşına pul vermir, son nəticədə nəqliyyat vasitəsi ən yaxşı halda metallomluq olur”. Onun sözlərinə görə, “BOA” yararsız vəziyyətdən olan maşınları uzun müddət əlində saxlaya bilmir: “Bu cür maşınlardan pul gəlmir, amma onu günlərdə dayanacaqda saxlamaq üçün pul ödəməli oluruq, ziyana düşürük. Son nəticədə məcbur olub həmin maşını bankın özünü veririk. Bu halda bizim indiyə qədər çəkdiyimiz xərclər də ödənilmir. Çünki, biz yalnız borcun ödənilməsini təmin etdikdən sonra xidmət haqqı alırıq”.

“Polisə yanlış məlumat verirlər”

Kollektor şirkəti mağazalardan mobil telefon, məişət texnikası alanlarla da problemlər yaşayır. Samir Mustafayev deyir ki, müxtəlif əşyaları kreditlə alanlar borcu verməmək üçün polisə yanlış məlumat verirlər: “Biz borclu haqqında məhkəmə qətnamə çıxardıqdan sonra icra məmuru ilə birlikdə o adamın evini gedirik və yaxud onu bura dəvət edirik. Bu zaman bəzi borclular polisə şikayət edirlər ki, guya biz onlara qarşı hansısa qanunsuz hərəkətlər edirik. Baxmayaraq ki, kollektor həmin adamlarla təkbaşına görüşmür”.

“Əşyaları müsadirə etməyə dəymir”

Onun sözlərinə görə, bu növ problemli borcların məbləği maksimum 1000 manat olur və buna görə də, “BOA” hansısa əşyanı müsadirə etməyə deyil, borcu bacardıqca tez ödətdirməyə çalışır: “O əşyaların bir neçə il ömrü var. Buna görə də, həmin əşyaları müsadirə etməyə dəymir. Tutaq ki, illərlə işləmiş hansısa kondisionerə görə borc ödənilmirsə, onu divardan söküb aparmağın nə mənası var? Belə malı satmaq da çətindir, ona verilən pul da borcu ödəməyəcək”.

“Qohum qohumun üzünə durur”

Banklar və mağazalarla yanaşı, başqa adama borclu olanlar da bəzən pulu rahat qaytarmırlar. Samir Mustafayev deyir ki, belələri adətən qohum və yaxud iş yoldaşı olur: “Burada da 2 cür yanaşma olur. Elə adam var ki, deyir, bəli, borcluyam, imkanım olanda ödəyəcəyəm. Bəzən isə qohum qohumun üzünə durur, deyir ki, ümumiyyətlə borcum yoxdur. Son nəticədə burada onların arasında dava düşür. Təbii ki, biz də kimin nə deməsindən asılı olmayaraq yalnız notarial təsdiqli borcları öz üzərimizə götürürük”. Onun sözlərinə görə, problem yaşayanlar adətən 2-ci dərəcəli qohumlar olur: “Bacı-qardaş arasında borc problemi olmur. Əmioğlular, əminəvəsilər bir-birinə verdiyi borcu bəzən ala bilmirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274