AVTO

Kler Uilyams: "Yaranan vəziyyət, təbii ki, xoşagələn deyil"
27 APREL
1054

Kler Uilyams: "Yaranan vəziyyət, təbii ki, xoşagələn deyil"

2019-04-27 15:21:00

 Fins.az “FORMULA 1 SOCAR AZƏRBAYCAN QRAN PRİSİ 2019” CÜMƏ GÜNÜ MƏTBUAT KONFRANSINDAN ÇIXARIŞ"-ı təqdim edir 

KOMANDA NÜMAYƏNDƏLƏRİ – Kler UİLYAMS (Williams), Kristian HORNER (Red Bull Racing), Otmar SAFNAUER (Racing Point), Toto VOLF (Mercedes), Siril ABITEBUL (Renault)

S: Kler, sizdən başlayaq. Birinci sərbəst yürüşdə baş verən qəza və bolidin hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?

Kler UİLYAMS: Yaranan vəziyyət, təbii ki, xoşagələn deyil. Buna baxmayaraq, artıq bizə qəzanın baş vermə səbəbi haqqında lazımi izahatlar verilib. Buna görə heç kimi günahlandırmıram, amma yenə də məyusedici haldır. Şassinin gövdəsində və alt hissəsində müəyyən zədələr var.

S: Bildirdiyiniz kimi, Williams üçün yeni mövsüm çətin keçir və Petrik Hed qısa müddətli konsultasiya üçün yenidən sizinlədir. Hedin indiyə qədər komandanın fəaliyyətinə təsiri haqqında nə deyə bilərsiniz?

KU: Bu yarış həftəsonu üçün gözləntilərim çox  idi, daha sonra məlum olduğu kimi qəza ilə üzləşdik. Ancaq buna görə çox da narahat deyiləm, yarışda hər şey baş verə bilər. Petrikin komandaya qoşulması bizim üçün önəmlidir. O, hal-hazırda komandanın mühəndislərinə bir növ yol göstərir.

S: Otmar, növbəti sual sizədir. Bakıda keçən yarışlar sizin xeyrinizə olub, burada keçən üç yarışın hər birində xal toplaya bilmisiniz. Bu həftəsonu üçün hansı gözləntiləriniz var?

Otmar SAFNAUER: İlk üç yarışda xal topladığımız doğrudur. Ancaq əvvəlki yarışlardan da daha yaxşı nəticə göstərəcəyimizə ümid edirik.

S: Orta səviyyəli komandalar arasında mübarizə yenidən gərginləşir. Bu mübarizədəki mövqeyiniz haqqında nə deyə bilərsiniz? Sizcə, yuxarı pilləyə qalxmaq sizin üçün nə qədər çətin olacaq?

OS: Fikrimcə, bu mövsüm əvvəlki illərdən daha çətindir. Yuxarı pilləyə yüksəlmək istəyiriksə, heç bir səhvə yol verməməliyik. Pit-stoplar cəld və dəqiq olmalı, pilotlar sıralanma turu və yarışda özlərini yaxşı göstərməlidirlər.

S: Bu il komandaya yeni investisiya da qoyulub. Bu və sizin komandadan gözləyə biləcəyimiz yeniliklər haqqında danışa bilərsinizmi?

OS: Bildiyiniz kimi, qaydalarda böyük dəyişikliklər edilib, buna görə də, bu il və böyük ehtimal, gələn il bizim üçün hazırlıq yarışı xarakteri daşıyacaq. Beynəlxalq qaydalar çərçivəsində boliddə dəyişikliklər edə bilmək üçün lazımi vəsaitin olması komandaya böyük fayda gətirəcək.

S: Kristian, sizə keçmək istərdim. Honda Azərbaycanda keçiriləcək yarış üçün mühərriki yeniləyib. Mühərrikin etibarlılığı və performansından nə dərəcədə razısınız və mövsümün növbəti yarışlarından nələr gözləyirsiniz?

Kristian HORNER: Hələ ki, mühərrikdə heç bir problem çıxmayıb. Mühərrikin yenilənməsinə səbəb Toro Rosso üçün hazırlanan mühərrikdə çıxan bir problem olub, ancaq yeni mühərrik bizim də daha gərgin mübarizə aparmağımıza imkan verir. Hondanın indiyə qədər gördüyü işlər təqdirəlayiqdir.

S: Red Bull ötən ili dörd qələbə ilə başa vurdu. Bu rəqəmin yeni mövsümdə artmasına nə qədər ümid var?

KH: Qələbə sayını əvvəlcədən demək həmişə çətin olur. Bizim məqsədimiz hal-hazırda  Mercedes tərəfindən qoyulan etalona yaxınlaşmaqdır. Aydındır ki, ötən il əlimizə müəyyən fürsətlər düşdü və biz trekə uyğunlaşdırılmağa ehtiyac duyulmadan bolidin öz gücü hesabına həmin qələbələri qazana bildik.

S: Pyer haqqında da qısaca fikrinizi almaq istərdim. Red Bull komandasında işə başlaması elə də asan olmasa da, görünür bolidə öyrəşməyə başlayıb. Pyer üçün əsas çətinlik yaradan məsələlər hansılardır və komanda onun bu çətinliklərin öhdəsindən gəlməsi üçün nə kimi köməklik göstərə bilər?

KH: Mövsüm öncəsi baş verən iki qəza Pyerin təkcə performans baxımından yox, eləcə də, özünə inam baxımından da geriləməsinə səbəb oldu. Buna baxmayaraq, hər qran pridə daha da gücləndiyinin şahidi oluruq.

S: Siril, növbəti sual sizədir. Renault bu mövsümün əvvəlində olduqca pozitiv olsa da, yarışlar sizin üçün çox çətin oldu. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

Siril ABITEBUL: Aydındır ki, mövsümü arzuladığımız və hazırlaşdığımız kimi başlaya bilmədik. Fikrimcə, Formula 1-də yaranan emosiya və dramatik vəziyyətlərdən bir qədər uzaqlaşmaq lazımdır. Burada zamana qarşı, bəzən də məhdud resurslara qarşı yarışırsınız. Biz isə öz daxilimizdə baş verənləri performansa təsir göstərməsinə mane ola bilmədiyimizə görə, bunun cəriməsini ödəyirik. Ancaq ümid edirəm ki, problemlər qısa müddətdə həll olunacaq.

S: Daniel Rikkiardo haqqında qısaca fikrinizi alaq. Mövsümə yaxşı başlamasa da, Çində xal toplamağa nail ola bildi. Bu haqda nə deyə bilərsiniz?

SA: İlk xal həmişə böyük əhəmiyyət daşıyır. Nə qədər tez, bir o qədər yaxşı. Ancaq, məncə, daha önəmlisi odur ki, onun indi bolidə inamı daha çoxdur. Hələ ki, rəqabət qabiliyyəti istədiyimiz səviyyədə olmasa da, artıq hücum vəziyyətinə keçə və komandaya xal qazandıra bilər.

S: Toto, növbənizi gözlədiyinizə görə təşəkkür edirəm. Mətbuat konfransına yenidən xoş gəlmisiniz. Mənə elə gəlir, yenidən burada olmağınız komandanızın bu il nə qədər uğurlu olduğunu göstərir. İlk üç yarışa baxdıqda, komandanın fəaliyyətindən nə qədər razısınız?

Toto VOLFF: Burada olmaq həmişə xoşdur. Mövsümə əla başladıq. Barselonada keçirilən testlərdə bir sıra çətinliklər yaşadıq və yalnız test həftəsinin sonunda bolidin son vəziyyəti ilə bağlı anlayışımız oldu. Melburnda isə xoş sürprizlə qarşılaşdıq. Çində də güclü mövqe qazandıq. Bütün bunlara baxmayaraq, 21 yarışın 3-ü hələ heç nə demək deyil, qarşıya baxmalı və işə davam etməliyik.

S: Çində yenidən üstünlüyü ələ alan Luis Hamiltonla bağlı fikrinizi almaq istərdim. Bu il Hamiltonla bağlı düşüncələriniz necədir?

TV: Uğur qazanmış, etalona çevrilmiş idmançıları görmək həmişə böyük təsir bağışlayır. Bu idmançılar yeni mövsümə böyük motivasiya və enerji ilə başlamağı bacarırlar. Təbii ki, Luis hal-hazırda əla mövqedədir və yüksək səviyyədə performans göstərməyə hazırdır. Bu da həm o, həm də komanda üçün yaxşıdır.

AUDİTORİYADAN SUALLAR

S: (Skott Miçell – Autosport) Kler, hal-hazırda daha önəmli problemləriniz olduğunu bilirik. Ancaq ötən həftə belə bir məlumat verilib ki, Dmitri Mazepin Williams komandasına ciddi investisiya qoymaq istəyir. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi, şirkətin satılma ehtimalı varmı?

KU: Bəli, həmin xəbərləri mən də görmüşəm, ancaq elə də fikir vermirəm. Bu haqda danışmaq üçün cənab Mazepin ilə də görüşüm olmayıb. Ötən ilin ortalarında qısa söhbətimiz olsa da, daha sonra bu məsələ davam etməyib. Bu məsələ ilə bağlı qəti fikrim isə belədir ki, Williams satışda deyil və şirkəti satışa çıxarmaq kimi bir fikrim də yoxdur.

S: (Dieter Renken – Racing Lines/racefans.net) Kler, mənim də sualım sizədir. Sizin maaşlarda gender bərabərliyinin pozulması ilə bağlı yaxşı ad çıxarmayıb. Nəzər alsaq ki, Formula 1 komandaları arasında yeganə qadın lider sizsiniz, bu hal təəccüb doğurur. Bu haqda nə deyə bilərsini?

KU: Bəli, insanların bizə qarşı yönəltdiyi problemlərdən biri də budur. Maaşlarda gender bərabərliyinin pozulması ilə bağlıBirləşmiş Krallıqda verməli olduğumuz müəyyən qaydalara əsaslanır. Belə düşünürəm ki,  həmin qaydalar yanıldıcı ola və ya yanıldıcı nəticələrə gətirib çıxara bilər. Mənim üçün gender bərabəriyinin nə dərəcədə yaxşı təmin edildiyini yoxlamağın ən birinci yolu şirkətdə neçə nəfər qadının işlədiyinə baxmaqdır. Onu deyə bilərəm ki, bizim komandamızda işləyən qadınların sayı ildən ilə artır. Böyük məmnunluqla bildirmək istərdim ki, onlar təkcə təşkilatçılıq və marketinq kimi qadınların üstünlük təşkil etdiyi rollarda yox, aerodinamika, bolid dizaynı və digər mühəndis rollarında da özlərini göstərə bilirlər.

S: Toto və Kristiana sual vermək istərdim.Toto, Çin Qran Prisindan sonra bildirmisiniz ki, iki pilotu idarə etmək Ferrari üçün çətin ola bilər. Komanda rəhbəri olaraq, bunun sizə hər hansı bir üstünlük qazandıracağını düşünürsünüzmü və sizcə, bu cür vəziyyətləri idarə etmək, eləcə də, pilotlara müxtəlif şərtlər altında verilən qərarları izah etmək nə dərəcədə çətindir?

TV: Mən belə gəlir ki, Ferrari ilə bağlı bizdən çox sitat gətirmək, Ferrari komandasında baş verənlərə qıraqdan fikir bildirmək düzgün deyil. Məsələ ilə bağlı onu deyə bilərəm ki, Niko və Luislə, eləcə də, Valtteri və Luislə bağlı müəyyən vəziyyətləri idarə etmək elə də asan deyildi. Buna səbəb isə odur ki, hər iki pilot qələbə üçün mübarizə aparır və hər ikisinin də çempionatı qazanmaq potensialı var. Bu da maraqların toqquşmasına səbəb olur.

KH:  Məncə, komandaların bu məsələ ilə bağlı yanaşmaları fərqli olur. Fikrimcə, pilotların nömrə bir və ya iki olmasını açıq şəkildə bildirmək işləri asanlaşdırır. Red Bull komandasının yanaşması belə deyil. Biz pilotlarımıza mübarizə aparmaq üçün imkan yaradırıq. Bu da ötən il Azərbaycanda şahidi olduğumuz kimi çətinlik yarada bilir. Ancaq yenə də bizim komandamızda hər iki pilot üçün bərabər fürsətin yaradılması prioritetdir.

S: (Culien Billotte – Auto Hebdo) Mənim sualım hamıyadır. 2021-ci il üçün hazırlanan qaydalar nə yerdədir? Bir ay əvvəl böyük bir görüş keçirilsə də, o vaxtdan bəri heç bir məlumat yoxdur. Bu haqda nə kimi məlumatlar verə bilərsiniz? Ümumiyyətlə, F1-in məsələ ilə bağlı yaratdığı gedişatdan razısınızmı?

OS: Hər görüşdə sadəcə qaydaların necə olacağını yenidən nəzərdən keçiririk. İlin ortası artıq son möhlətdir. FIA komandaların məsələ ilə bağlı fikirlərini soruşub və biz bu haqda artıq məlumat vermişik. Bəzi tərkiblərin təchiz edilib-edilməyəcəyi ilə bağlı hələ də həllini tapmamış suallar var. Əlimizdə daha çox məlumat olduqdan sonra bu suallara cavab tapacağıq.

S: Kristian, bəz siz?

KH:  Bildirildiyi kimi, həllini tapmamış suallar var, ancaq düz istiqamətdə irəlilədiyimizi düşünürəm. Ümidvaram ki, növbəti aylar ərzində məlumat veriləcək.

S: Toto, əlavə etmək istədiyiniz bir şey varmı?

TV: Kristianın bildirdiyi kimi, mükafat fondunun yenidən bölüşdürülməsi, xərc limiti, texniki və idman qaydaları kimi məsələlər var və irəliləyiş yavaş gedir. Mümkün qədər tez yekunlaşdırmaq bütün tərəflərin – FIA, Formula 1 və komandaların – marağındadır.

S: Siril, siz nəsə demək istərdinizmi?

SA: Əlavə edəcəyim çox bir şey yoxdur. Sadəcə vaxt ilə bağlı demək istərdim ki, iyun ayının sonuna yekunlaşdırmağı ümid edirik. Bu tarix gələcək planların tərtib olunması baxımından bütün tərəflər üçün vacib tarixdir.

S: Kler, sizin də fikrinizi ala bilərikmi?

KU: Deyilənlə razıyam. Bir neçə həftə əvvəl FIA və FOM tərəfindən təqdim olunan versiyalarla bağlı narazılığımız yoxdur. Hələ də müzakirə olunan, aydınlaşdırılması lazım olan bir sıra məsələlər var.

Q: (Rebekka Klensi – The Times) Sualım Klerədir. Başa düşürəm ki, artıq qəzanın üstündən qısa müddət keçib. Ancaq dəyən zərərin miqyası və bərpa xərcləri ilə bağlı nə deyə bilərsiniz? Eləcə də, 2017-ci ildə Malayziyada Qrojanın oxşar qəzası zamanı HAAS komandası kompensasiya tələb etmişdi. Sizin tərəfdən də belə bir tələb olacaqmı?

CW: Təbii ki, bolidə nə kimi zərər dəydiyini aydınlaşdırmışıq. Xərclərin miqyasını bildirmək üçün isə hələ tezdir və biz bu məsələni FIA ilə müzakirə edəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264