AVTO

Bakıda keçiriləcək növbəti "Formula 1"-ə əcnəbilərin marağı artıb
03 DEKABR
79

Bakıda keçiriləcək növbəti "Formula 1"-ə əcnəbilərin marağı artıb

2018-12-03 15:13:00

Bakıda 2019-cu il 26-28 apreldə keçiriləcək Formula 1 Qran Prisinə əvvəlki yarışlardan daha böyük maraq var. Fins.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kKommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, Azərbaycan Qran Prisinə maraq ilbəil artır. 2018-ci il Qran Prisində xarici tamaşaçılara əvvəlki yarışla müqayisədə 30 faiz çox bilet satılıb: “Ümumilikdə isə Bakıda keçirilən ilk Formula 1 ilə indiyə qədər olan müddət ərzində xaricilərə bilet satışı 3 dəfə artıb. Bundan əlavə, 2017-ci ildə 65 ölkədən bilet alınmışdısa, 2018-ci ildə bu göstərici 78-ə çatıb. Yəni Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələnlərin coğrafiyası çox genişdir. Paytaxtımızdakı yarışa həmişəki kimi Rusiya, Böyük Britaniya və Ukraynadan daha çox maraq göstərirlər. Həmçinin Niderland, Almaniya, ABŞ, eləcə də Yaxın Şərq ölkələri, xüsusən Birləşmiş Ərəb Əmirliklərindən böyük maraq var. Qarşıdakı Qran Pri üçün isə bilet satışının əvvəlki yarışlara nisbətən daha çox, bilet alan əcnəbilərin coğrafiyasının da daha geniş olacağı gözlənilir”.

Şöbə müdiri qeyd edib ki, hazırda bilet satışında endirim kampaniyası davam edir: “Biletlər həm xarici ölkələrin, həm də Azərbaycan vətəndaşları üçün 20 faiz endirimlə satılır. Bununla yanaşı, Azərbaycan vətəndaşları üçün əlavə 25 faizlik endirim də var”.

N.Arpadarai vurğulayıb ki, tribunaların sayı, eləcə də biletlərin kateqoriyaları dəyişməyib: "Əvvəllər olduğu kimi, yenə də 1 və 4 günlük, eləcə də ayaqüstü izləmək üçün və tribunalara, həmçinin korporativ müştərilər üçün nəzərdə tutulmuş ayrıca məkanlara biletlər var".

BŞH rəsmisi Bakıda keçiriləcək Formula 1 ilə bağlı bütün işlərin qrafikə uyğun getdiyini bildirib. Onun sözlərinə görə, tezliklə Hökumət Evinin qarşısında Pit binasının quraşdırılmasına başlanılacaq. Gələn il isə yolların kənarında təhlükəsizlik maneələrinin qoyulması, tribunaların quraşdırılması üzrə işlər görüləcək. N.Arpadarai növbəti ildə də Formula 1 çərçivəsində dünya ulduzlarının konsert proqramlarının təşkil olunacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256