AVTO

Yanacaqdoldurma məntəqələrinə – XƏBƏRDARLIQ
09 İYUN
1864

Yanacaqdoldurma məntəqələrinə – XƏBƏRDARLIQ

2017-06-09 10:53:00

“Bu gün ictimai nəqliyyatda rastlaşdığımız əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin “141 Çağrı Mərkəzi”nə də kifayət qədər müraciət daxil olmaqdadır”.

Bu barədə Fins.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, həmin müraciətlər əsasında dəfələrlə müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. Nəticədə sərnişinlərin təhlükəsizliyi baxımından ciddi qayda pozuntusu hesab edilən belə hala yol verən sürücülər dərhal işdən azad edilib.

“Məlumat üçün bildiririk ki, 2 iyun tarixində BNA əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı BNA-ya çağırılıb, sürücünün izahatı alınıb. 8 iyun tarixində isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarının itirmələrinə səbəb ola bilər. Bunu nəzərə alaraq BNA paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.

Onu da qeyd edək ki, “Yol Hərəkəti Haqqında” qanunu 56-cı maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297