AVTO

Xaricdə alınan maşınlara Azərbaycanda zəmanət verilirmi? – ARAŞDIRMA
17 MAY
518

Xaricdə alınan maşınlara Azərbaycanda zəmanət verilirmi? – ARAŞDIRMA

2016-05-17 16:21:00

Azərbaycanda satılan təzə avtomobilləri xarici ölkələrdən almaq xeyli ucuz başa gəlir. Fins.az-ın məlumatına görə, bəzi hallarda Azərbaycandakı rəsmi avtomobil dillerlərinin qiymətləri ilə xarici ölkələrdəki rəsmi satış  ofislərinin qiymətləri arasında hətta iki dəfədən artıq fərq yaranır. Hətta qiymət fərqi o qədər böyük olur ki, bu məbləğə Bakıda bir ev və ya bir neçə avtomobil almaq olar. Daha sərfəli qiymətə avtomobil almaq istəyən müştərilər bunu nəzərə alaraq avtomobili  xaricdən, xüsusilə də qonşu ölkələrdən alıb gətirirlər. Bəs bu avtomobillərə yerli rəsmi dillerlər zəmanət verirlərmi?

“BMW”:  “Rəsmi servisdən istifadə edənlərə zəmanət verilir”

“BMW”  avtomobillərinin Azərbaycan rəsmi dilleri “İmprotex Motors” şirkətindən fins.az-a verilən məlumata görə, xaricdə rəsmi dillerdən alınan avtomobillərə Azərbaycanda zəmanət verilir. Şirkətin satış departamentinin müdiri Elşən Məmmədov fins.az-a bildirib ki, avtomobillərə zəmanəti rəsmi dillerlər deyil, istehsalçı zavod verir. Rəsmi diller yalnız zəmanətlə bağlı istehsalıçıya müraciət edə bilər. Amma bunun üçün ölkəyə gətirilən yeni “BMW” modelinin xidmət tarixçəsi yalnız rəsmi servisdə açılmalıdır. Yəni, bütün xidmətlər rəsmi servisdə göstərilməlidir ki, baş verəcək hər hansı bir texniki problemə görə istehsalçıya müraciət edilə bilsin. Əks halda, adi servis xidmətlərindən istifadə nəticəsində avtomobildə problem yaranarsa, bu, avtmobili zəmanətdən çıxarır. Məsələn, sürücü adi  mühərrik yağından istifadə etdiyinə görə, mühərrik sıradan çıxıbsa artıq buna görə məsuliyyəti rəsmi diller daşımır. E.Məmmədovun sözlərinə görə, təkərə hava vurulması və yuma xidməti   xaric bütün servis rəsmi dillerdə göstərilərsə, zəmanətlə bağlı bütün xidmətlər xaricdən alınan avtomobillərə də göstərilir. 

“Toyota” Rusiyadan alınan avtomobillərə “qarantiya” vermir

“Rusiyada ucuzdur” deyib “Toyota” almaq istəyənlər isə gərək əvvəlcədən “götür-qoy” etsinlər. Belə ki, bu ölkədən gətirilən “Toyota”lara zəmanət verilmir. “Toyota Bakı Mərkəzi”nin marketinq meneceri Eldəniz Cəfərov fins.az-a bildirib ki, Azərbaycanın  avtomobil bazarı “Toyota”nın Avropa standartlarına uyğundur. Ona görə, Avropa birliyi ölkələrindən, o cümlədən Türkiyə və Gürcüstandan alınan yeni “Toyota”lara zəmanət verilir. Və avtomobildə hər hansı bir problem yaranarsa, “qarantiya” əsasında təmir edilir. E.Cəfərovun sözlərinə görə, Sibir  üçün istehsal edilən avtomobillər Türkiyə və ya Azərbaycanla eyni deyil. İqlimin fərqli olmasına görə, avtomobillər də fərqli standartlarda istehsal edilir. Məsələn, eyni avtomobillərin mühərrik yağları fərqlidir. Amma Rusiyadan yeni “Toyota” alanlar  “Toyota Bakı Mərkəzi”ndə əlavə ödənişlə zəmanət əldə edə bilərlər.  

“Hyundai”,“Jeep” və “Chrysler”lərə zəmanət verilir

“Hyundai”,“Jeep”, “Chrysler” avtomobillərinin Azərbaycanda rəsmi  idxalçısı “Auto Azerbaijan” şirkəti isə Azərbaycandan və ya xaricdən alınmasına  aslı olmayaraq  yeni avtmobillərə zəmanət verir. Şirkətin zəmanət şöbəsinin mütəxəssisi  Emin Əbdülhəsənov fins.az-a bildirib ki,  xaricdən, o cümlədən Rusiya, Türkiyə və digər ölkələrdən alınan “Hyundai”, “Chrysler”  və “Jeep” modellərinə istehsalçının  qərarına uyğun olaraq zəmanət verilir. Amma  avtomobil ölkəyə gətirilən kimi zəmanət kitabçası rəsmi dillerdə qeydiyyata alınmalıdır. Onun sözlərinə görə, avtomobilin bir dəfə digər servisdə yağdəyişməsi zəmanəti poza bilər. Ona görə, sürücülər bunu nəzərə almalıdırlar.

Yaponiya avtomobillərini alanların zəmanət problemi yoxdur

Qonşu ölkələrdən alınan “Honda”, “Subaru”, “Mazda” və “Mitsubishi” avtomobillərinə  Azərbaycanda da zəmanət verilir. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Group Motors” şirkətinin marketinq meneceri Rəcəb Feyzullayev  fins.az-a bildirib ki, satış yerindən aslı olmayaraq rəsmi dillerdən alınan yeni avtomobillərə  zəmanət verilir.Avtomobil sahibləri bunun üçün rəsmi dillerə zəmanət talonunu təqdim etməlidir.Digər servislərdə zamanı isə avtomobilin müəyyən hissələri zəmanətdən çıxa bilər. Məsələn, mühərrik yağı bir dəfə başqa servisdə dəyişilibsə mühərrik, sürət qutusuna müdaxilə edilibsə sürət qutusu zəmanətdən çıxarılır.

“Autostar Caucasus” və “Nurgun Motors” xaricdən alınan maşınlara zəmanət vermir

Azərbaycanda fəaliyyət göstərən bəzi rəsmi dillerlər isə ümumiyyətlə xaricdən alınan avtomobillərə zəmanət vermir. Bunlardan biri “Mercedes” avtomobilləridir. Almaniya brendini ucuz olsun deyə xaricdən alıb gətirənlər onlara zəmanət verilməyəcəyini əvvəlcədən bilməlidirlər.Bu barədə fins.az-a “Autostar Caucasus” şirkətindən bildirilib. Amma bunun nə ilə bağlı olması açıqlanmayıb.  Bununla yanaşı, “Nissan”, “İnfiniti”, “Ford”, “Reno” avtomobillərinə də Azərbaycanda  zəmanət verilmir. Bu avtomobillərin satışını həyata keçirən “Nurgun Motors” şirkətindən fins.az-a bildirilib ki,  xaricdən alınan bu avtomobillərə zəmanət verilmir. Səbəb olaraq bildirilib ki, satılan hər bir avtomobil öz yerində istifadə edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275