SƏNAYE

“Saudi Aramco” rəhbərliyində dəyişiklik olub
04 SENTYABR
58

“Saudi Aramco” rəhbərliyində dəyişiklik olub

2019-09-04 13:16:00

Dünyanın hasilat və ixracat baxımdan ən böyük neft şirkəti olan “Saudi Aramco” direktorlar şurası sədrinin dəyişməsilə bağlı xəbərləri təsdiq edib.

Fins.az xəbər verir ki, şirkətin açıqlamasına görə bu vəzifədə əvvəllər çalışmış Enerji naziri Xalid əl Falih öz kürsüsünü direktorlar şurasının üzvü, müstəqil “Public İnvestment Fund”ın (PİF) rəhbəri Yasir əl Ruməyyənə təhvil verərək onu bu münasibətlə “Twitter”-də təbrik edib.

Bundan əvvəl “Bloomberg” mənbələrə istinadən Y.Ruməyyənin namizədliyinin “Aramco”nun 2020-2021-ci illərdə nəzərdə tutulan İPO-ya hazırlıqla bağlı təklif olunduğu xəbəri vermişdi. Belə ki, Y.Ruməyyənin təyinatı İPO ərəfəsində Enerji Nazirliyindən aralanan “Aramco”da mənafe toqquşmasına yol verməmək məqsədi daşıyır.

Ötən həftənin sonunda X.Falihin başçılıq etdiyi Enerji Nazirliyi sənaye və yeraltı sərvətlər sahələrini tənzimləmə səlahiyyətlərindən məhrum edilmişdi.

2009-2015-ci illərdə “Aramco”nun prezidenti olmuş, 2016-cu ilin yazında isə Enerji naziri təyin edilmiş Xalid əl Falih bu müddət ərzində dünya enerji sektorunun ən nüfuzlu şəxslərindən birinə çevrilib. Neft bazarında tarazlığı saxlamaq üçün hasilatı azaltmaqla bağlı razılığa gələn Azərbaycan da daxil olmaqla 24 ölkəni birləşdirən OPEC+ formatının təşəbbüskarlarından və yaradıcılarından biri də X.Falih olub. Bu razılaşma nəticəsində neftin qiyməti böhranlı 2014-2016-cı illərdəki 40 dollardan hazırkı səviyyəyə yüksəlib.

Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudun başlıca müşavirlərindən olan Yasir əl Ruməyyənin rəhbərliyə gətirildiyi PİF texnoloji startapların ən iri sərmayəçilərindən birinə çevrilib, “Tesla”, “Uber” kimi məşhurluq qazanmış bir sıra layihələrə investisiya yatırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır