SƏNAYE

TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqların vaxtı açıqlanıb
13 MART
169

TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqların vaxtı açıqlanıb

2019-03-13 09:53:00

Fins.az-ın məlumatına görə, Apreldən TANAP boru kəmərinin Avropaya təbii qaz nəql edəcək hissəsində sınaqlara başlanacaq.Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.“Layihənin Faza-0 hissəsi üzrə hazırda Türkiyəyə təbii qaz nəql edilir. Aprelin 15-dən isə Avropaya qaz ötürəcək Faza-1 hissəsində sınaqlara başlanacaq. Bu hissənin iyulun 1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir”, - deyə o qeyd edib.Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265