SƏNAYE

Azərbaycanda alternativ enerjidən necə yararlanılır?
10 YANVAR
120

Azərbaycanda alternativ enerjidən necə yararlanılır?

2019-01-10 15:32:00

Azərbaycana günəşli və küləkli günlərin sayına görə potensial imkanlara malikdir. 

Fins.az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir.

Alternativ enerji mənbələrindən artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində istifadə olunur. Məsələn, Almaniyada işlədilən enerjinin 17 faizə qədəri külək və günəşdən alınır. Yeri gəlmişkən, Almaniyada bina tikiləndə ilk növbədə onun alternativ və bərpa olunan enerji ilə necə təmin olunması barədə düşünürlər.

Yaponiyada tətbiq olunan “Yaşıl bina” prinsipi diqqəti daha çox cəlb edir. Belə ki, binalar layihələndirilərkən enerji səmərəliliyinə və alternativ enerjidən istifadə imkanlarına xüsusi önəm verilir. Bu da enerji şirkətlərindən asılılığı aradan qaldırmaqla, ətraf mühitə dəyən ziyanı xeyli azaldır. “Yaşıl bina” prinsipinin digər özəlliyi layihədə binaların yerləşməsinin, enerjinin effektivliyinin, mənzillərin daxili izolyasiyasının, material sərfinin və digər amillərin hökmən nəzərə alınmasıdır.

Azərbaycanda bu sahədə geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakı ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.

Mütəxəssislərin fikrincə, hər hansı yaşayış massivi-konkret halda mikrorayon üçün tələb olunan illik elektrik enerjisinin təqribən 30 faizini küləkdən almaq olar. Azərbaycan alimlərinin bir qismi belə hesab edir ki, külək və günəş enerjisinin səmərəliliyi böyük olmadığından onun çox cüzi hissəsindən istifadə edilir. Vaxt gələcəkdir ki, bu enerjidən daha səmərəli istifadə olunacaqdır. Yeri gəlmişkən, artıq bu sahədə çoxlu elmi mülahizələr mövcuddur. Bunlardan biri də kompleks enerji mərkəzlərində əlavə qurğuların, həmçinin istilik nasoslarının quraşdırılması ideyasıdır.

Respublikamızda yalnız kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar. Statistikaya görə, ölkənin illik külək enerjisi ehtiyatı 800 meqavatdır. Ona görə də dövlətimizin başçısının tapşırığı ilə həm külək, həm də günəşlə işləyən enerji qurğuları ilə bağlı böyük bir kompleks yaradılmışdır və bu da öz bəhrəsini verir.

Alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu cür yerlər ucqar dağ kəndləri və dağlıq ərazilərdir.

Problemin aktuallığını nəzərə alaraq, Prezident İlham Əliyev 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Proqramın əsas məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirmək, karbohidrogen və digər enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir. 2013-cü il fevralın 1-də yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısına məhz dövlət siyasətinin həyata keçirilməsi vəzifəsi qoyulmuşdur.

Agentliyin xətti ilə artıq bu istiqamətdə bir sıra mühüm tədbirlər reallaşdırılmışdır. Məsələn, bu yaxınlarda AzGüntex zavodunda günəş modulları istehsalına başlanılmışdır. Yaxın gələcəkdə burada LED lampaları da istehsal olunacaqdır. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. Müəssisə tam işə düşdükdən sonra isə ildə 240 min günəş paneli və 12 milyon LED lampası istehsal edə biləcəkdir.

Bundan əlavə, Dövlət Agentliyi tərəfindən Qobustan rayonu ərazisində inşa olunan hibrid elektrostansiya özündə bioqaz, külək və günəş sistemlərini birləşdirməklə dünyada bu cür ilk elektrostansiyadır. O, Qobustan rayonunun ərazisindəki müəssisələri, eləcə də əhalini alternativ mənbələr hesabına enerji ilə təmin etmək məqsədilə yaradılmışdır. Gələcəkdə belə layihələrin ölkənin digər bölgələrində də həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, respublikamızın günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir.

Eyni zamanda, günəş enerjisindən istifadə külək enerjisinə nisbətən daha böyük sərmayə tələb edir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, indi bütün səylər günəş batareyalarının faydalı iş əmsalının artırılmasına yönəlmişdir. Belə ki, əgər yer kürəsinə düşən günəş enerjisinin 3 faizindən istifadə etmək və günəş batareyalarının faydalı iş əmsalını 30 faizə çatdırmaq mümkün olsa, onda bu, bir trilyon Kvt elektrik enerjisi almaq üçün yetərlidir və indiki tələbatı tam ödəyə bilər.

Hazırda Azərbaycanda günəş panelləri hazırlayan zavod tikilir. Bu müəssisədə Almaniya keyfiyyət lisenziyası əsasında məhsul istehsal ediləcəkdir və həmin məhsulun Avropa bazarlarına da çıxarılması planlaşdırılır.

Dövlət proqramına müvafiq olaraq respublika ərazisində külək və günəş enerjisinin paylanması üzrə xəritələr, cədvəllər hazırlanmış, kiçik çayların, kanal və digər su axarların enerji potensialı tədqiq olunmuşdur. Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyildir. Abşeron yarımadasında isə 12-14 metr yüksəklikdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Odur ki, Xəzər dənizi akvatoriyasında küləyin potensialından istifadə etmək məqsədilə dəniz külək parkının yaradılması məqsədəuyğun hesab edilir.

Diqqət çəkən daha bir məsələ dağ rayonlarında fərdi istehlakçılar üçün kiçik dağ çaylarının enerjisindən istifadə etməklə kiçik gücə malik qurğular, həmçinin maldarlığın, quşçuluğun inkişaf etdiyi iqtisadi regionlarda isə sutkalıq məhsuldarlığı 5-15 kubmetr olan kiçik bioqaz qurğuları yaxşı səmərə verə bilər.

Karbohidrogen ehtiyatları tükəndikcə, alimlər yanacaq qismində istifadəsi mümkün olan digər mənbələrin axtarışı və onların elmi əsaslarının işlənib hazırlanması istiqamətində tədqiqatları genişləndirirlər. Bu baxımdan hidrogen universal yanacaq hesab edilir. Onun məişətdə, elektrik stansiyalarında, daxili yanma mühərriklərində və digər sahələrdə geniş istifadəsi mümkündür.

Bioyanacaqla müqayisədə hidrogenin yanacaq kimi mühərriklərdə istifadəsi daha perspektivli görünür. Hidrogen öz istilikvermə qabiliyyətinə görə ən əlverişli yanacaqdır və ətraf mühiti çirkləndirmir. Buna görə də son zamanlar digər alternativ enerji mənbələri ilə yanaşı, hidrogenə də çox ümid bəslənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256