SƏNAYE

Xarici ekspert: “SOCAR ciddi tərəfdaşdır”
09 YANVAR
77

Xarici ekspert: “SOCAR ciddi tərəfdaşdır”

2019-01-09 10:18:00

Qazaxıstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində neft və qazın dünya bazarlarına nəqli sahəsində etibarlı tərəfdaş kimi ad qazanıb.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyası Beynəlxalq Əlaqələr və Protokol Mərkəzinin eksperti, siyasi icmalçı, şərqşünas Janat Möminqulov (Janat Momynkulov) bildirib.

Qazaxıstanlı ekspert SOCAR-ın Xəzər regionunda ən böyük enerji şirkətlərindən olduğunu, dünyada 40 bölmə, nümayəndəlik, ticarət ofisinə malik olmaqla neft-qaz hasilatı və emalı, neft məhsullarının nəqli və satışını həyata keçirdiyini deyib.

“SOCAR-ın regional siyasəti Azərbaycanın dörd regional oyunçu olan Rusiya, Türkiyə, Avropa, İran arasında, Qərblə Mərkəzi Asiya arasında əlverişli geostrateji mövqeyi əsasında qurulur. SOCAR-ın Türkiyədə, Avropada, Ukraynada, Gürcüstanda həyata keçirdiyi investisiya layihələri şirkətin öncüllüklərindən, fəaliyyət miqyasından xəbər verir”, – o vurğulayıb.

Ekspertin sözlərinə görə, şirkət Azərbaycan nefti və qazının Qərbə nəqli baxımından başlıca tərəfdaş olan Türkiyəyə, habelə Gürcüstana çox böyük diqqət yetirir: “Qonşu Türkiyənin iqtisadiyyatına nəzərdə tutulan 19,5 milyard dolların 13 milyardını qoyan Azərbaycan şirkəti ötən həftə həmin ölkədə neft-kimya müəssisəsinin inşası barədə BP ilə danışıqlar aparıb. Həmin layihənin icrasına dair qərar bu il veriləcək”.

“Azərbaycan Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığa, xüsusilə də Qazaxıstandan enerji daşıyıcılarının nəqlinə böyük əhəmiyyət verir.

Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr tam yeni, strateji müstəviyə qədəm qoyub” – Janat Möminqulov diqqətə çatdırıb.

O, Astanada SOCAR-ın nümayəndəliyinin fəaliyyət göstərdiyini, tərəflərin Xəzər neftinin nəqli və tranzitinə dair irimiqyaslı birgə layihələr hazırladıqlarını diqqətə çatdırıb. Bununla yanaşı, son vaxtlarda SOCAR-ın Qazaxıstanda “Eurasia” kompleks geoloji kəşfiyyat layihəsində iştirak etdiyini vurğulayıb.

“Tərəflərin işçi qrupları Qazaxıstandan Azərbaycan ərazisi ilə Avropa bazarlarına təkcə neft və neft məhsullarının deyil, həm də sıxılmış maye qazın da nəqli imkanlarını müəyyən edib. Burada söhbət 2019-cu ildən etibarən Qazaxıstan neftinin və neft məhsullarının artıq qalan hissəsinin Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri ilə nəqlindən gedir. Qazaxıstan tərəfi neftin Azərbaycanda qəbulu imkanlarını, bu xəttin rəqabətcil olub-olmamasını, ən yaxın vaxt ərzində neft və qazın Azərbaycan ərazisi ilə nəqli perspektivini araşdırır”, – qazaxıstanlı ekspert bildirib.

J.Möminqulovun fikrincə, Xəzər dənizinin statusuna dair Aktau şəhərində konvensiyanın imzalanması iki türk ölkəsi arasında strateji tərəfdaşlığın inkişafında yeni mərhələ deməkdir: “Bu konvensiya Azərbaycana enerji ehtiyatlarının nəqlinə dair tranzit potensialını həyata keçirmək şansı verir. “Kaşağan” və “Tengiz” yataqlarından çıxarılan neftin özünün dəmir yolu şəbəkəsi ilə təkrar ixrac etmək Azərbaycan üçün iqtisadi cəhətdən maraq kəsb edir. Qazaxıstan neft və qazının hasilatının, eləcə də Azərbaycan ərazisi ilə nəqlinin 3-4 il ərzində artacağı gözlənilir”.

“Qazaxıstan neftinin dünya bazarına nəqlinin daha çox şaxələndiriləcəyi nəzərə alınsa, SOCAR öz strateji mövqeyini xeyli gücləndirə bilər”, – ekspert fikrinə yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256