SƏNAYE

Bu il Beləsuvarda nə qədər pambıq yığımı olacaq?
09 OKTYABR
194

Bu il Beləsuvarda nə qədər pambıq yığımı olacaq?

2018-10-09 15:29:00

Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması biləsuvarlı fermerlər arasında yüksək əhval-ruhiyyə yaradıb. Dövlətin pambıqçılığın inkişafına göstərdiyi hərtərəfli dəstəkdən yaralanan məhsul istehsalçıları pambıq yığımını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Məhsul toplanışına mütəşəkkil başlayan biləsuvarlı pambıqçılar indiyədək sahələrdən 5 min 695 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər.

Fins.az xəbər verir ki, bu il biləsuvarlı pambıqçılar 11 min 350 hektar sahədə pambıq becəriblər. Ötən il plantasiyalardan 24 min tondan çox məhsul toplayan əkinçilər cari təsərrüfat ilində məhsul istehsalını daha da artırmaq üçün səpin kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirləri vaxtında həyata keçiriblər. Nəticədə sahələrdə bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu qısa müddətdə toplamaqdır. Məhsul yığımına əvvəlcədən yaxşı hazırlıq işləri görüldüyündən hər gün sahələrdən 565-570 ton məhsul tədarük olunur.

 Eləcə də bax:"Nəinki ölkəmizdə, hətta bütövlükdə Qafqaz regionunda ilk dəfə" - Baş mütəxəssis Pərviz 

İyirmi beş il pambıqçılıq sahəsində çalışan Hikmət Kərimov ötən il əkin sahəsinin hər hektarından 38 sentner pambıq götürüb. “Bu mövsüm 20 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkətin köməyi sayəsində becərmə dövründə bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirmişəm. Bol məhsul yetişib. Məhsulu pambıqyığan kombaynlarla toplayacağam. Sahələrdə qozalar tam açılmadığı üçün hələ yığıma başlamamışam. Üç-dörd günə sahəyə maşın çıxaracağam. Təxmini hesablamama görə, hər hektardan 38-40 sentner məhsul götürə biləcəm. Dövlətimiz ölkədə pambıqçılığın inkişafı üçün geniş imkanlar yaradıb. Bundan bəhrələnərək gələcəkdə əkin sahəsini artıraraq 30 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer bildirib.

Biləsuvarda bu il məhsulun 70-75 faizinin maşınlarla toplanması nəzərdə tutulur. Bunun üçün xarici ölkələrdən alınmış 29 ən müasir kombayn hazır vəziyyətdədir. Yaxın günlərdə rayonda məhsulun maşınlarla yığılmasına kütləvi şəkildə start veriləcək.

Bu texnikalar arasında “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları da var. Keyfiyyəti və səmərəliliyi ilə seçilən “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığır. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. Köhnə kombaynlar bir pambıq sahəsinə 3-4 dəfə girib məhsul yığırdı ki, bu da həm torpağın kipləşməsinə, məhsul itkisinə və onun maya dəyərinin artmasına səbəb olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254