SƏNAYE

Zərərvericilərə qarşı bu tədbir görülür
25 SENTYABR
203

Zərərvericilərə qarşı bu tədbir görülür

2018-09-25 11:46:00

Ağcabədi rayonunda karantin tətbiq edilən zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Fins.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələrinin alaq otları ilə sirayətlənmə dərəcəsini müəyyənləşdirmək məqsədi ilə karantin tətbiq edilən “Sarı sarmaşıq” və “Tikanlı quşüzümü” alaq otlarına fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilib. Belə ki, “Sarı sarmaşıq” alaq otuna qarşı 60 hektar sahədə müşahidə aparılıb, sirayətlənmə aşkar olunmuş 20 hektar sahədə mexaniki üsulla mübarizə tətbiq edilib. Rayonun Hindarx qəsəbəsində, Hüsülü, Təzəkənd, Qiyaməddinli, Gələbəddin, Qaravəlli, Muğanlı, Sarvanlar və s. kəndləri əhatə edən 170 hektar əkin sahəsində müşahidə aparılıb və 40 hektar sahənin “Tikanlı quşüzümü” (Solanum rostratum Dun.) ilə sirayətləndiyi müəyyən edilib. 10 hektar sahədə isə alaq otu mexaniki üsulla yığılaraq yandırılıb. Həmçinin dövlət büdcəsi hesabına “Dicamba” tərkibli Dicamin SL (Dicamba+2,4 D Amin duzu) (1 L/ha) və “Qlyphosate” tərkibli Herbogliph 480 SL (2L/ha) herbisidi ilə çiləmə üsulu ilə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mexaniki və kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Ağcabədi rayonunda xüsusi təhlükəli zərərverici hesab edilən siçanabənzər gəmiricilərə qarşı da fitosanitar müşahidə və mübarizə tədbirlərinə start verilib. Belə ki, 5000 hektar sahədə müşahidə aparılıb, 1500 hektar sahədə sirayətlənmə müəyyən edilib və 1100 hektar sahədə aqrotexniki üsulla mübarizə tədbirləri tətbiq edilib. Həyata keçirilən mübarizə tədbirləri ilə yanaşı, ətraf kəndlərin sakinləri, fermerlər və təsərrüfat sahibləri ilə birlikdə müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilir, eləcə də zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr verilir. Qeyd edək ki, əkin sahələrinin zərərvericilər və alaq otları ilə sirayətlənməsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını azaldır, aqrotexniki tədbirlərin aşağı səviyyədə olduğu sahələrdə isə əkinlərin tam məhvinə səbəb olur, məhsulu zibilləyir və keyfiyyətini aşağı salır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259