SƏNAYE

Hektardan 7500 manat qazanmaq istəyirsənsə, ...
09 AVQUST
197

Hektardan 7500 manat qazanmaq istəyirsənsə, ...

2018-08-09 10:14:00

Armudun 60 növü var və əsasən Yer kürəsinin Şimal yarımkürəsində yayılıb. Azərbaycanda geniş yayılmış növlər Qafqaz armudu, Söyüdyarpaq armud və Meşə armududur.   
Tərkibində 5-15.7% şəkər, 0.1-0.99% turşular, 0.06-0.12% dabbaq maddələri, 0.18-0.44% kül elemetləri, müxtəlif vitaminlər (A, B, B1, C və PP) var.
Armuddan  kompot, cem, şirə, armud qurusu, şərab, bəkməz və s. məmulatlar hazırlanır ki, bunların da insan orqanizmində xüsusilə müxtəlif xəstəliklərə qarşı müalicəvi əhəmiyyəti var.
Mülayim iqlim qurşağında yerləşən ölkələrdə daha çox becərilir. Dünyada hər il 23 milyon ton armud istehsal olunur ki, onun 67,26%-i Çinin payına düşür. Armud istehsalına görə Çindən sonra İtaliya, ABŞ, Argentina, İspaniya və Türkiyə gəlir. 
Dünyada armudun 5000-dən çox sortu var, ancaq keyfiyyət və məhsuldarlığı yüksək, iqtisadi dəyəri olan sortlar azdır. Armud  istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi baxımdan əhəmiyyətli sortlar: Cyun byuti, Akça, Mustafabey, Kossiya, Santa Mariya, Vilyams, Doyenne du Comise, Passe Krassane sortlardır. Respublikamızda Abasbəyi, Vilyams, Klappın sevimlisi, Cır Nadiri, Red Vilyams yaylıq armud sortları, Lətifə, Bere Boks, Lesnaya krasavitsa payızlıq sortları və Nararmudu, Kürə, Əntiqə, Gülşən, Bere Ardanpon, Sini armud qışlıq sortları becərilir.
Armud almaya nisbətən istiliyə tələbkar bitkidir. Rütubətə tələbkarlığı calaqaltıdan asılı olaraq müxtəlifdir. Ucaboylu calaqaltı üzərində rütubətə az, gödək boylu (heyva) üzərində rütubətə çox tələbkarlıq göstərir. Müxtəlif torpaq tiplərində becərilə bilər, münbit torpaqlar daha əlverişlidir.
Armud sortları calaqla artırılır. Calaqaltı kimi cır və mədəni armud toxmacarlarından, heyvadan və qismən yemişandan istifadə edilir. Heyvaya calanmış armud gödək boylu olur, tez məhsula düşür, meyvələrin keyfiyyəti yüksəlir.
Bir qrup armud sortları heyva üzərində yaxşı bitiş vermir. Bu xüsusiyyətinə görə armud sortlarını 3 qrupa ayırırlar:
1.Heyva üzərində yaxşı tutan sortlar- Bere Ardanpon, Bere Amanlı, Bere Qardi, Bere Liqel, Pass-Krasson, Jozefina Mexelenskaya, Küre, Sen-Jermen və s;
2.Heyva üzərində kafi bitiş verən sortlar – Olivye de Serr və Yubiley;
3.Heyva üzərində bitiş verməyən sortlar – Bere Bosk, Vilyams, Meşə gözəli, Klappın sevimlisi.
Heyva üzərində normal bitiş verməyən sortlar üçün “nikolirovka” və ya “interkalyar” aralıq calaqlarının tətbiqi tövsiyə olunur.
Armud bağı üçün yerin seçilməsi, gübrələmə, suvarma, formavermə və budama, meyvələrin yığılması və göndərilməsi almada olduğu kimi aparılır.
Yeni bağ salmaq üçün seçilən ərazinin iqlimi isti olub, kəskin dəyişməməli, küləkli günlərin, isti və şaxtalı günlərin nəmlik çatışmazlığı, eləcə də çiçəklənmə dövründə dumanlı günlərin miqdarı az olmalı və aktiv temperaturların cəmi yüksək olmalıdır. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili və ya mailliyi 100-150-dək olan yamaclar olmalıdır. Mailliyi 150-dən çox olan yamaclarda bağ xüsusi olaraq düzəldilmiş terraslarda əkilməlidir. Bağ əkilərkən mikro relyef də nəzərə alınmalıdır. Qrunt sularının səviyyəsi yüksək olan yerlərdə köklərin tənəffüsü pozulur və mənfi nəticələrə səbəb olduğundan belə ərazilərdə bağ salmaq məsləhət deyil. Bağ əkiləcək torpaq, su fiziki göstəricilərinə görə normal olmalı, qida elementləri ilə yüksək və ya orta dərəcədə təmin olunmalı su və hava keçirmə qabiliyyətləri yüksək olmalıdır.
Yeni armud bağının salınması üçün 5x4 m, 5x5 m sxemlər üzrə 6113 manatdan 5730 manata qədər vəsait tələb olunur. Armudun 1 hektarından 400 sentner məhsul alınarsa həmin sahədən 7500 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 85% təşkil edəcəkdir.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256