SƏNAYE

Bu yay “Zalatoy” və “Fədai” ucuz olacaq?
29 MAY
324

Bu yay “Zalatoy” və “Fədai” ucuz olacaq?

2018-05-29 14:19:00

Xaçmazlı təsərrüfatçılar bu il də şaftalı bağlarından bol məhsul əldə edəcəklərini proqnozlaşdırırlar. Təsərrüfatçılar şaftalı bağlarından məhsul yığımına iyulun ilk günlərindən etibarən başlayacaqlar. Hazırda isə şaftalı bağlarında növbəti dərmanlama və suvarma prosesi aparılır.

Xaçmaz rayonunda 2 min 700 hektardan çox şaftalı bağı var ki, bunun da 2138 hektarı barverəndir. Hər il rayon bağlarından 10 min tondan çox meyvə toplanır.

Rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev Xaçmazda şaftalı bağlarının ilbəil artdığını söyləyir. “Bizim rayonun torpaqları şaftalı məhsulunun yetişdirilməsi üçün uyğundur. Şaftalıya həm yerli, həm də qonşu Rusiya bazarlarında böyük tələbat olduğundan satışında çətinlik yaranmır. Buna görə də təsərrüfatçılar bu meyvəni becərməkdə maraqlıdırlar. Digər tərəfdən şaftalı bağları az ərazidən yüksək gəlir əldə etməyə imkan verir. Torpaq islahatları aparılandan sonra Xaçmazın əksər kəndlərində tərəvəzçilik öz yerini meyvə bağlarına verib.”

Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan inzibati ərazi dairəsinə aid olan kəndlərin ərazisindədir. Təkcə Nərəcan kəndində 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır.

Nərəcanlı bağban Qurban Pəncəliyev bu il bol məhsul olacağı qənaətindədir: “Demək olar, hər il bol məhsul əldə edirik. Bu illər ərzində bağlarımızda daha məhsuldar və bazarlarda tələbat çox olan şaftalı növlərini artırmışıq. Meyvəni əsasən yerli və Rusiya bazarlarında satırıq. Şaftalıdan bol məhsul əldə etmək üçün ilboyu ağaclara qulluq etmək lazımdır. Hər il ağacların dibləri yumşaldılmalı, lazımi minerallar uyğun miqdarda verilməlidir. Keyfiyyətli dərmandan istifadə də xüsusi vurğulanmalıdır. Bəzən keyfiyyətsiz dərman ilboyu çəkdiyimiz əziyyəti puç edir. Biz bağımızda 25 ildən çoxdur şaftalı əkib-becəririk”.

Həmin kənddən olan başqa bir təsərrüfatçı Məlikməmməd Bağırov bağında 10-a yaxın şaftalı sortu yetişdirdiyini deyir: “İyul ayından başlayaraq şaftalının “Zalatoy” və “Fədai” kimi tezyetişən sortlarını yığmağa başlayacağıq. Adətən müştəri sarıdan korluq çəkmirik. Əsas odur qiymətlər sərfəli olsun, zəhmətimizi və çəkdiyimiz xərci ödəsin. Bizim kəndimizdəki bağ sahiblərinin 90 faizi şaftalı yetişdirir. Hər il də bağların sahəsi artır”.

Xaricə göndərilən şaftalının saxlanılmasında regionda yaradılan soyuducu anbarlar mühüm əhəmiyyətə malikdir. Sahibkarlar fermerlərdən aldıqları meyvəni bu anbarlarda bir müddət saxlayaraq, xarici bazarda daha münasib qiymətə sata bilirlər.

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov bildirir ki, şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq. Xüsusilə şaftalı bağlarında bol meyvə gözlənilir. “Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, yaxşı baxılan şaftalı bağlarında meyvə boldur. Yeni salınmış intensiv bağlarda isə vəziyyət lap yaxşıdır. Burada becərilən nektarin ağacları əvvəlki illərdən daha yaxşı məhsul gətirib. Şimal bölgəsində 500 hektara yaxın mütərəqqi üsulla becərilən belə şaftalı bağı var. Şaftalı ilə yanaşı, ərik və alçanın da məhsuldarlığı yüksəkdir”, - deyə Mədət Qurbanov vurğulayıb.

Şimal bölgəsində 3 min 500 hektara yaxın şaftalı bağı var. Bunun da böyük hissəsi Xaçmaz rayonunun payına düşür. (Azərtac)

Eləcə də bax: Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254