SƏNAYE

Göygöl bölgədə ikinci sənaye mərkəzinə çevrilir
07 MAY
262

Göygöl bölgədə ikinci sənaye mərkəzinə çevrilir

2018-05-07 09:57:00

Aparılan iqtisadi islahatların qeyri-neft sektorunun inkişafını sürətləndirməsi məlum faktdır. Xüsusilə, son illər aqrar sahəyə göstərilən dövlət qayğısı məhsul istehsalını artırmış, kənd əhalisinin məşğulluğunu təmin etmiş, ölkədə ərzaqla təminatı yerli istehsal hesabına qaydaya salmışdır. İndi kəndlinin problemi yoxdur. Ya ona məxsus pay torpağını əkib-becərir, ya da fermer təsərrüfatında çalışmaqla dolanışığını təmin edir.

Əsasən dağlıq ərazidə yerləşən Göygöl rayonunun iqtisadiyyatında aqrar sektor üstünlük təşkil edir. Odur ki, əhali ən çox kənd təsərrüfatı sahələrində cəmləşib. Bu sahədə uğurlar da az deyil. Təkcə cari ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 561,4 min manatlıq çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Heyvandarlıq sahəsində də yüksək göstəricilərə nail olunur. Son məlumata görə, qaramalın sayı 20,4 minə, davarlar 167,3 minə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 5,2, ət istehsalı 473,7 ton olmuşdur. Həmişə olduğu kimi, bu sahədə çalışan təsərrüfat sahibləri dövlətin göstərdiyi diqqət və qayğıdan kənarda qalmamışlar. Belə ki, heyvandarlıq sahəsində çalışan hüquqi və fiziki şəxslərə son 4 ildə 50 faiz güzəştlə 174 baş cins mal-qara satılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Təkcə bu ilin üç ayında süni mayalanma yolu ilə 113 baş bala alınmışdır. Bundan əlavə, keçən il yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə 2741 nəfərə 1 milyon 129,1 min manat subsidiya verilmisdir. Eyni zamanda, rayonda kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət gücləndirilmişdir.

Son illər Göygöldə ənənəvi kənd təsərrüfatı bitkilərinin istehsalına da diqqət xeyli artmışdır. Şəkər çuğunduru sahələrinin həcmi genişləndirilərək 365 hektara çatdırılmışdır.  

Rayonda sənaye də inkişaf edir. Hazırda Göygöldə 21 sənaye müəssisəsi fəaliyyət göstərir. Cari ilin 3 ayında bu müəssisələrdə 5 milyon 126,1 min manatlıq məhsul istehsal edilmişdir. Göygöl Şərab Zavodu yenə də öndə gedir. Zavodda istehsal edilən şərab məhsulları dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.

Rayonda həmçinin istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq və quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər də davam etmişdir. Artıq çoxmənzilli 8 binada təmir işlərinə başlanmışdır. Qızılqaya qəsəbəsində bir binanın dam örtüyündə və iki binanın fasad hissəsində təmir işləri aparılır. Göygöl-Aşıqlı-Toğanalı və Çaylı-Pənahlılar-Dozular avtomobil yolları yenidən qurulur. Təbii qazla təminata gəldikdə, Kərəmli, Şəhriyar,  Qızılca, Yeni Qızılca kəndlərinə qaz xətləri çəkilmiş, qaz - tənzimləyici 30 qutu və 302 siyirtmə əsaslı təmir edilmiş, istismarda olan xətlərinin korroziyaya uğramaması üçün tədbirlər görülmüşdür.  Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə magistral su kəmərində və su mənbəyində təmizləmə işləri aparılmış, şəhər daxilində və Xanlar qəsəbəsində köhnə borular yeniləri ilə əvəz edilmişdir.

Hazırda rayonda 3 klub, müxtəlif idman növü üzrə 267 bölmə fəaliyyət göstərir. Bölmələrdə 3486 gənc məşğul olur. Bu il rayonda 7 yerli, 16 respublika əhəmiyyətli idman tədbiri keçirilmişdir. Göygöllü idmançılar mötəbər yarışlarda  fəxri pillənin yüksək yerlərinə çıxmışlar. Bakı şəhərində taekvondo üzrə keçirilən respublika birinciliyində Göygöl şəhər sakini Elvarə Cəlilova 1-ci, Elxan Yusibov 2-ci, Jalə Kazımova 3-cü yeri tutmuşlar. Şəmkir rayonunda oğlanlar arasında keçirilən həndbol üzrə zona yarışlarında isə Göygöl komandası 2-ci yerə layiq görülmüşdür.

“Azərbaycan” qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256