SƏNAYE

Tut ağaclarına necə qulluq olunmalıdır?
07 MAY
265

Tut ağaclarına necə qulluq olunmalıdır?

2018-05-07 09:41:00

Bağın salınması. Yeni bağların salınması üçün, ilk növbədə, ipəkqurdunun bəslənməsi yerlərinə yaxın, suvarılma imkanlarına malik, kimyəvi dərmanlama aparılan kənd təsərrüfatı bitkiləri sahələrindən, tozlu yol kənarlarından və sənaye müəssisələrindən uzaq ərazilər seçilməlidir.
Erkən yazda salınacaq bağ üçün plantaj şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə bağ salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən asılı olaraq fiziki şəkildə 300-350 kiloqram fosfor, 200-250 kiloqram kalium gübrələri verilməklə aparılır.
Sahədə əkiləcək bitkilərin qida sahəsi dəqiqləşdirməklə, baş və sərnələr arası yollar da nəzərə alınmaqla, eni və dərinliyi 50-60 santimetr olan çalalar qazılır. Əkiləcək sahəyə gətirilənədək tinglərin kökləri şaxtadan, qurumaqdan və zədələnməkdən qorunmalıdır. Bu məqsədlə tinglər dəstə ilə bağlanır və üzəriləri xüsusi brezent örtüklə örtülür. Əkin sahəsinə gətirilən kimi tingləri dəstə şəklində bağlayıb maili vəziyyətdə torpağa basdırır və oradan az-az çıxarmaqla əkirlər.
Əkin müddətləri. Azərbaycanda tut tinglərini payızda (noyabr-dekabr), qışın şaxtasız günlərində və eləcə də erkən yazda (fevral-mart) əkmək tövsiyə olunur. Əkindən sonra ağaclar dərhal suvarılmalı və suvarmadan sonra kök boğazı torpaq səthindən yuxarıda qalmalıdır.
Payızda və qışda əkilən tinglərin bitmə faizi yaz əkinləri ilə müqayisədə daha yüksək olur. Kök sistemi inkişaf edir, torpaqda lazımi su ehtiyatı toplanır, torpaq tez qurumur və bu da yazda bitkilərin daha normal inkişafını təmin edir. Yazda əkilmiş ağaclarda isə havalar istiləşən kimi tumurcuqlar açılmağa başlayır və bu zaman əsasən ehtiyat qida maddələrindən istifadə olunur. Bundan sonra isə tədricən fəal kök sistemi inkişaf edib formalaşmağa başlayır. Ona görə yazda əkilmiş ağaclarda bitiş faizini yüksəltmək üçün tez-tez suvarma aparmaq lazımdır. Belə olmadıqda tumurcuqların açılmasına baxmayaraq, bir müddətdən sonra ağacların xeyli hissəsi quruyub məhv olur.
Yemlik tut əkinlərinin tipləri. Yeni yaradılmış yüksək məhsuldar tut sort və hibridlərindən istifadə olunmaqla, şəxsi və fermer təsərrüfatlarında imkan və ehtiyacdan asılı olaraq müxtəlif tip yemlik tut əkinləri salınır. Hazırda Azərbaycanda xətli əkinlər və eləcə də müxtəlif tipli plantasiyalar geniş yayılıb.
Xətli (zolaqşəkilli) tut əkinləri. Torpaqdan səmərəli istifadə etmək məqsədilə belə əkinlərdən respublikamızda çox istifadə edilir. Belə ki, həyətyanı sahələrin kənarında, çəpərlərdə, eləcə də yolların, suvarma arxlarının kənarında, sututarların ətrafında, sürüşmə və eroziya ehtimalı olan yerlərdə, həmçinin əkin tarlalarının ətrafında tut ağacları əkilir və onların yarpağından tut ipəkqurdlarının yemləndirilməsində istifadə olunur.
Şəraitdən asılı olaraq xətli əkinlərə həm ucaboylu, həm də alçaqboylu forma verilir, əkin sxemi isə şəraitdən asılı olaraq seçilir və cərgə araları 3-4 metr, bitki araları isə 1-4 metr arasında dəyişə bilər. Belə əkinləri aparmaq üçün imkan olan yerdə torpaq dərindən şumlanmalı və sonra da çalalar qazılıb tinglər basdırılmalıdır.
Gövdəli tut plantasiyaları. Tut bağlarında becərmə işlərini mexanikləşdirmək üçün müxtəlif tipli massiv əkinlər - plantasiyalar salınması daha mütərəqqi təsərrüfatçılıq formasıdır. Tut plantasiyaları ağacların gövdəsinə və çətirinə görə fərqlənməklə ucaboylu, ortaboylu, alçaqboylu və kolşəkilli olur.
Ucaboylu plantasiyalar salmaq üçün torpaq sahəsi hazır edildikdən sonra tingləri basdırmaq üçün nişanlanır (biçimlənir). Əkin sxemi torpaq sahəsinin imkanına görə seçilir və cərgəarası 3-4 metr, bitki araları isə 2-4 metr qoyulur.
Əkin sxemi müəyyən edildikdən sonra su axımı boyunca sahənin kənarında 1-ci cərgəyə kəndir çəkilir və ölçü lenti vasitəsilə əkiləcək tinglərin yeri müəyyən olunur, oraya qarğı sancılır. Sonra sahədə ağac əkmək məqsədilə çalalar qazılır, standart tinglər çalalara qoyulur. Daha sonra torpaq tökülür, torpaq yüngülcə tapdalanır və kök boğazı torpaq səthinin bərabərində saxlanılır.
Əkin tam qurtardıqdan sonra ağacların dibi ilə suvarma şırımları açılır və sahə dərhal suvarılır. Sahələrin baş və ayaq hissəsində traktorların işləməsi üçün dönmə zolağı (6-8 metr) saxlanılır. Belə plantasiyaların cərgə arasında birillik tərəvəz bitkiləri becərmək tövsiyə edilir. Ağaclar bir neçə il böyüdükdən sonra cərgə aralarında yonca bitkisi də əkilə bilər.
Əgər plantasiyaya çətiri olmayan tinglər əkilibsə, suvarmadan 7-10 gün sonra onların ucu vurulur ki, gələcəkdə forma verilsin. Ucaboylu plantasiyalarda gövdənin hündürlüyünün 1,3-1,5 metr, ortaboylu plantasiyalarda 0,7-1,3 metr, alçaqboylu plantasiyalarda 0,3-0,7 metr arasında, kolşəkilli plantasiyalarda isə 0,3 metrə qədər olması tövsiyə edilir.
Ağaclara bir yaruslu üçyumruqlu, iki yaruslu altıyumruqlu və s. forma verilir. Bu məqsədlə ucu vurulmuş tingdə 3 sağlam zoğ saxlanılır. Onlar sərbəst böyüyür və sonrakı ildə həmin zoğlar 25-50 santimetr uzunluqda kəsilir və beləliklə də üçyumruq yaradılır. Üzərilərində inkişaf edən zoğlar aşağı hissədə qoparılır və yuxarı hissədə hər birində 2 budaq saxlanılır. Sonrakı illərdə ağacların böyüməsi nəzərə alınmaqla, həmin budaqlar yemləmə üçün kəsilir və beləliklə də biryaruslu, üçyumruqlu çətir forması yaradılmış olur. Ucaboylu plantasiyalar salındıqdan 4-5 il sonra istismar edilməyə başlanır.
Alçaqboylu tut plantasiyaları. Belə tipli cərgələrarası məsafə 3 metr, bitkilərarası məsafə isə 1 metr olur. Bu cür plantasiyalarda ağaclara adətən bir yaruslu, üçyumruqlu forma verilir. Tinglər suvarıldıqdan 7-10 gün sonra onların ucu 50-70 santimetrdən vurulmalıdır ki, gələcəkdə onlara bir yaruslu üçyumruqlu, yaxud ehtiyac yaranarsa, iki yaruslu altıyumruqlu forma vermək mümkün olsun. Alçaqboylu plantasiyalar adətən əkindən 3-4 il sonra, intensiv becərmə şəraitində isə daha tez istismar olunur.
Kolşəkilli tut plantasiyaları. İpəkçiliyin intensiv inkişaf etdirilməsi və vahid sahədən daha çox yarpaq məhsulu almaq üçün kolşəkilli plantasiyaların salınması tövsiyə edilir. Belə plantasiyaların salınması üçün əsasən calaq və hibrid tinglərdən istifadə olunur. Tingləri əkdikdən dərhal sonra sahə suvarılır, 7-10 gün keçdikdə torpaq səthindən 30 santimerədək hündürlükdə tinglərin ucu kəsilib atılır. Kol plantasiyalarında bitkilər cərgələrarası məsafə 3 metr, bitkilər arası məsafə isə 0,5 metr olmaqla əkilir və belə halda bir hektara 6600 ədəd bitki yerləşdirilir.
Aqrotexniki qulluq. Tut bağlarından bol və keyfiyyətli yarpaq məhsulu əldə edilməsi üçün suvarma, becərmə və gübrələmə işləri vaxtında və keyfiyyətli aparılmalıdır. Plantasiyalarda cərgə araları ildə 2 dəfə şumlanmalı, 3-6 dəfə kultivasiya edilməli, 6-10 dəfə suvarılmalıdır. Eyni zamanda, plantasiyalara iki ildən bir hektara 20-30 ton peyin və hər il tumurcuqlar şişən vaxtı hektara təsiredici maddə hesabı ilə 120-150 kiloqram azot, 60-120 kiloqram fosfor və 60-90 kiloqram kalium gübrələrinin verilməsi tövsiyə edilir. Yaxşı becərilmiş, gübrələnmiş və suvarılmış sahələrdə ağaclar da yaxşı inkişaf edir, xəstəlik və zərərvericilər isə az yayılır ki, bu da yüksək və keyfiyyətli yarpaq məhsulu almağa təminat yaradır.
Nəhayət qeyd etmək lazımdır ki, planlı və kompleks genetika – seleksiya və aqrotexnologiya tədqiqatları son 70 ildə tut bitkisinin potensial yarpaq məhsuldarlığını qat–qat yüksəltməyə imkan vermiş və sort tərkibindən, əkin sıxlığından, plantasiyaların tipindən, aqrotexniki xidmətin səviyyəsindən və s. asılı olaraq bir hektardan alınan yarpaq məhsulu 25 sentnerdən (Cır-tut) 150-200 və hətta 300 sentnerə (Xanlar-tut) qədər yüksəlib.

İmran Cümşüdov,  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254