SƏNAYE

Azərbaycanda məişət tullantılarından istifadə hesabına elektrik enerjisi istehsalı artır
24 APREL
105

Azərbaycanda məişət tullantılarından istifadə hesabına elektrik enerjisi istehsalı artır

2018-04-24 11:30:00

Keçən il məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1 faiz az tullantı əmələ gəlib. Onların 56,8 faizini bərk məişət tullantıları, 43,2 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb, 66,1 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8 faizini təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7 faizi, o cümlədən 24,1 faizi yeni məhsul alınması, 1,6 faizi isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilib, 11,2 faizi ölkə daxilində satılıb, 0,5 faizi ixrac olunub, 10,9 faizi zibilxanalara atılıb, 51,7 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3 dəfə az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların 83,9 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276