SƏNAYE

Yeni yaradılan aqroparkda 177 min 500 ədəd müxtəlif növ meyvə tingi əkilib
20 APREL
230

Yeni yaradılan aqroparkda 177 min 500 ədəd müxtəlif növ meyvə tingi əkilib

2018-04-20 13:25:00

2018-ci ildə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülük, baramaçılıq və fındıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Cari təsərrüfat ilində rayonda tütün əkini sahələrinin ötən illə müqayisədə 15 hektar artırılaraq 620 hektara çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında 1500 kvadratmetr, fermerlərin özləri tərəfindən hazırlanmış sadə istixanalarda isə 10800 kvadratmetr sahədə tütün şitilləri yetişdirilib. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Bundan başqa, 2018-ci ildə rayonda yaş barama istehsalının əvvəlki illə müqayisədə 2 dəfə artırılaraq 25 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Hesabat dövründə rayon ərazisində 160 hektar sahədə yeni fındıq bağları salınıb. Üç ayda rayonda 207 yeni iş yeri açılıb. Bu barədə 2018-ci ilin birinci rübünün yekunları ilə əlaqədar aprelin 20-də Qax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2018-ci ilin birinci rübü rayon iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, birinci rübdə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 57,5 faiz artaraq 27 milyon 970 min manat olub. Məhsul istehsalı sənayedə 2,5 dəfə, kənd təsərrüfatında 5,9 faiz, rabitədə 5,5 faiz, nəqliyyatda 2,9 faiz, tikinti sektorunda isə 9,1 dəfə artıb. Cari ilin birinci rübündə rayonda əsas kapitala investisiya qoyuluşunun həcmi 10 milyon 613 min manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 dəfə çoxdur.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq rayonda yeni yaradılan aqroparkda cari ilin birinci rübündə 191 hektar sahədə 177 min 500 ədəd müxtəlif növ meyvə tingi əkilib. Yeni salınan meyvə bağlarında damcılı suvarma sisteminin quraşdırılması üçün 500 tonluq su anbarının tikintisi başa çatdırılıb, 50 min kubmetrlik su anbarının tikintisi və 5,5 kilometr uzunluğunda elektrik xəttinin çəkilişi işləri davam etdirilib. Hazırda aqroparkın ərazisində idarəetmə mərkəzi və hər biri 1500 ton olan 3 ədəd taxıl bunkeri tikilir.

Məruzədə, həmçinin cari ilin birinci rübündə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat dövründə Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. İlisu kəndində iki yeni otelin, 4 kənddə modul tipli məktəblərin tikintisi, həmçinin Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib.

Müşavirədə 2018-ci ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ətraflı təhlil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254