SƏNAYE

Azərbaycanda sahibkarlar necə güzəştli kredit ala bilər?
19 APREL
213

Azərbaycanda sahibkarlar necə güzəştli kredit ala bilər?

2018-04-19 13:35:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fermerlə dəstək məqsədilə güzəştli kreditlər verir. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilən limit çərçivəsində 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunan layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.

Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.

Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılan vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

Kreditlərin hədləri

Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər: 

5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;

50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;

500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz.

Kreditlərin müddəti və faizləri

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

Kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;

Orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;

Böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.

Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:

Kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;

Digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.

Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi cəmi kredit məbləğinin 6 faizindən artıq olmamalıdır.

Güzəşt müddəti

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.

Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi gecikdirildikdə, onlar cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər.

Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.

Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

Güzəştli kreditlərdən istifadə istiqamətləri

-       startap layihələrin dəstəklənməsi;

-       aqroparkların yaradılması;

-        ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;

-       logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;

-       müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;

-       ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;

-       quşçuluğun inkişafı (quşçuluqda dərin emal sahələrinin yaradılması);

-       qarışıq yem istehsalı müəssisələrinin yaradılması;

-       müasir istixana komplekslərinin yaradılması;

-        intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam və. s) və tingçilik təsərrüfatlarının yaradılması;

-       texniki bitkiçilik və qərzəkli meyvə istehsalı və emalı müəssisələrinin yaradılması;

-       müasir çörək istehsalı müəssisələrinin yaradılması;

-       müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;

-       informasiya texnologiyalarının və turizmin inkişafı (turizm marşrutları boyunca infrastrukturun inkişafı, mövsümiliyi azaldan, eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);

-       digər sahələrdə (yüngül, kimya, maşınqayırma, qida və s.) müəssisələrin yaradılması;

-      idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;

-       kiçik sahibkarlığın inkişafı.

Eləcə də bax: Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276