SƏNAYE

Xaçmazın daha iki kəndinə ilk dəfə təbii qaz verilib
06 APREL
138

Xaçmazın daha iki kəndinə ilk dəfə təbii qaz verilib

2018-04-06 15:32:00

SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Qaracik Zeyid və Aslanoba kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

Aprelin 6-da bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Qaracik Zeyid kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Ümumilikdə, 201 abonenti olan iki kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 min 404 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq Namazov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində “Azəriqaz” İB tərəfindən respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir.

Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 103-ə, rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 35 min 130-a çatdırılıb. Hazırda rayonun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrində ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri və yeni massivlər ölkəmizin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində “mavi yanacaq”la təmin olunmaqdadır.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib. “Azəriqaz” İB-nin nümayəndələri kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279