SƏNAYE

Pambığın məhsuldarlığını necə artırmaq olar?
02 APREL
106

Pambığın məhsuldarlığını necə artırmaq olar?

2018-04-02 14:03:00

Pambıqçılığın inkişafına dair Dövlət Proqramının uğurla icrası, eləcə də dövlət dəstəyi, məhsulun satınalma qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə satılması bu sahənin dirçəlməsinə gətirib çıxarıb. Azərbaycanda istehsal edilən pambıq həm ixrac, həm də daxili tələbin ödənilməsi üçün istifadə oluna bilər ki, bu da ölkəyə valyutanın daxil olmasına şərait yaratmaqla, yerli istehsalı stimullaşdırmış olacaq. Əgər 2015-ci ildə ölkədə 35 min ton pambıq istehsal olunmuşdusa, 2017-ci ildə bu rəqəm 207 min tona çatıb. Yəni, istehsal 6 dəfədən çox artıb. Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılmasının qarşıya hədəf qoyulduğunu nəzərə alsaq, məhsuldarlığın artırılması məsələsi ön plana çıxır.

Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq deyib: “Bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz”.

Bəs, məhsuldarlığı necə artırmaq olar? Azərbaycan Dövlət Aqrar Universitetinin bitkiçilik və bitki mühafizəsi kafedrasının mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib.

Pambığın məhsuldarlığı və lifin keyfiyyəti sortun bioloji və morfoloji xüsusiyyətlərindən asılı olmaqla, aqrotexniki tədbirlərin optimal müddətdə yerinə yetirilməsindən asılıdır.

Elmin və qabaqcıl təsərrüfatların əldə etdikləri nəticələrdə sübut edilib ki, pambıqdan yüksək məhsul almaq üçün, ilk növbədə, əkilən sortların potensial imkanları öyrənilməlidir. Bundan sonra isə aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinə düzgün nəzarət edilməlidir.

Respublikamızın suvarılan əksər rayonlarında pambığın, çoxillik otların və digər kənd təsərrüfatı bitkilərinin məhsulu yığıldıqdan sonra torpaq çox bərkiyir, torpağın kapilyar strukturu pozulur, sahələr alaqlanır. Ona görə torpağın vəziyyətini dəyişdirmək üçün sahələrdə mütləq dondurma şumu aparılmalıdır. Dondurma şumu, yəni payızda edilən şum, mənfi temperatur başlayan kimi ön başlıqlı kotanlarla 27-30 santimetr dərinliyində aparılmalıdır.

Dondurma şumu nəticəsində torpağın qida maddələri ilə zəngin olan üst qatı şumun altına çevrilir. Bu da qismən sahələrin alaq otlarından təmizlənməsinə, zərərverici və xəstəliklərin qarşısının alınmasına şərait yaradır. Dondurma şumu ön başlıqlı kotanla müəyyən edilmiş dərinlikdə aparıldıqda məhsuldarlıq hektara 3-5 sentner artır.

Aqrotexniki tələblərə uyğun olaraq sahənin hazırlanması çox səmərəli tədbirdir. Onu sistematik olaraq aparmaq lazımdır. Respublikada pambıq əkini suvarma şəraitində aparıldığı üçün sahələrin hamarlanması daha böyük əhəmiyyət kəsb edir. Hamarlanmış sahələrdə digər sahələrə nisbətən suvarmalar yüksək keyfiyyətdə aparılmaqla, suçuların əmək məhsuldarlığı artır, səpin və səpinə qulluq işlərinin mexanikləşdirmə işləri xeyli asanlaşır.

Başlıca aqrotexniki tədbirlərdən biri də əkin sahəsində alaqlara qarşı vaxtında görülən işlərdir. Alaq otlarının toxumlarını, bitki qalıqları və torpağın üst qatında qışlayan zərərvericiləri, göbələk xəstəliklərinin törədicilərini torpağın əkin qatının aşağı hissələrinə çevirdikdə, zərərvericilər və digər xəstəlik törədiciləri məhv olur.

Əkin sahələrində torpaq-iqlim şəraiti nəzərə alınmaqla, rütubət kəsirini nizamlamaq üçün yanvar ayında sahədə şırımlar açılmalı, ehtiyat arat suvarması aparılmalıdır. Arat bir-birindən 60 santimetr aralı cərgədə 12-14 santimetr dərinliyində, hektara 1500-1800 kubmetr su sərf olunmaqla keçirilməlidir.

Səpinqabağı becərməni düzgün və vaxtında apardıqda qış aratının təsiri ilə cücərmiş alaq otları məhv edilir. Yumşaldılmış xırda topvari torpaq qatı yaradılır ki, bu da torpaqda rütubət ehtiyatının qorunub saxlanılmasına, istilik rejiminin nizamlanmasına və üzvi maddələrin minerallaşmasına, nəticə etibarilə toxumların tez və bərabər cücərməsinə əlverişli şərait yaratmış olur.

Torpaqda 10-12°C müsbət temperatur olduqda, çiyidin normal cücərməsi və inkişafı üçün əlverişli şərait yaranır. Bundan erkən aparılmış səpin nəticəsində çiyidin cücərməsi normal getmir və çox zaman təkrar səpin aparmaq lazım gəlir. Bu da torpaq mülkiyyətçilərinə xeyli iqtisadi zərərin vurulması deməkdir. Qeyd etmək lazımdır ki, səpin vaxtının gecikdirilməsi nəticəsində bitkinin vegetasiya dövrü xeyli uzadılmış olur. Ölkəmizdə yağışların bir qədər tez başlaması və şaxtaların erkən düşməsi məhsulun yığılmasını və qozaların açılmasını xeyli çətinləşdirir. Ona görə də məhsulun sentyabr və oktyabr aylarında tam yığılmasına nail olmaq lazımdır.

Sahədə suvarma şırımlarının çəkilməsi və yemləmədə gübrələrin verilmə texnikası cərgəarası becərmələrlə sıx əlaqədardır. Suvarmaların, hətta kultivasiyanın keyfiyyəti də şırımların çəkilməsindən asılıdır. Odur ki, şırımların çəkilməsinə olan tələbə düzgün əməl etmək lazımdır. Şırımlar çəkilərkən bitkilərin üzərini torpaqla örtmək olmaz. Pambıq bitkisi 2-3 yarpaq açdıqda suvarma aparılarsa, şırımın dərinliyi 6 santimetr, cərgəarası səpin 60 santimetr olduqda 10-12 santimetr, 90 santimetrlik səpinlərdə 12-14 santimetr, qönçələnmə fazasında cərgəarası 60 santimetr olan səpinlərdə də 12-14 santimetr, 90 santimetrlik səpinlərdə isə 14-16 santimetr olmalıdır. Çiçəkləmədə isə şırım bir qədər də dərindən götürülə bilər. Şırımların dərinliyi torpağın mexaniki tərkibi ilə də əlaqəli şəkildə həyata keçirilməlidir. Ağır mexaniki tərkibli torpaqlarda dərin, yüngül torpaqlarda isə dayaz, xüsusən suvarmada açmaq lazımdır. Mexaniki tərkibi yüngül olan torpaqlarda şırım dərin aparılarsa, cərgələrin zonasında olan torpağın isladılması çətinləşir.

Pambıq əkinlərində torpağın strukturundan asılı olaraq yemləmə gübrələri verilərkən onları 3-4 santimetr dərinliyə basdırıb, sonra suvarma aparmaq lazımdır. Birinci 15-16 santimetr dərinliyə və 15-18 santimetr cərgədən aralı, 2-ci isə 5-6 santimetr dərinliyə və 20-22 santimetr aralı verilə bilər. Gencərgəli səpinlərdə üçüncü yemləməni cərgənin ortasına, cərgədən 30-32 santimetr aralı vermək lazımdır.

Vahid sahədən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün suvarmaları vaxtında və düzgün aparmaq lazımdır. Respublikamızda 3-4 dəfə olmaqla, 1-2-0 (çiçəklənməyə qədər, yetişməyə qədər) və 1-3-0 suvarma sxemi üzrə suvarmalar aparılır. Təbii iqlim şəraitindən asılı olaraq 1-4-0 suvarma sxemi də tətbiq oluna bilər. Suvarma işi suyun cərgələr arasına infiltrasiya yolu (süxurların kapilyar məsamələri vasitəsilə) ilə hopdurulmasına imkan verən şırımlarla suvarılma edilməlidir.

Pambıq bitkisinin məhsuldarlığın artırılmasında sahəyə verilən gübrələrin rolu daha böyükdür. Əkin sahələrində hökmən əvvəlcədən torpaqların aqrokimyəvi xüsusiyyətləri öyrənilməlidir. Bir ton xam məhsul sahədən özü ilə 50 kiloqram azot və fosfor, 17 kiloqram kalium aparır. Pambıq bitkisi qönçələmə fazasınadək 3,5 faiz azot və fosfor, 2,3 faiz kalium, qönçələmədən çiçəkləməyədək 25-30 faiz azot və fosfor, 15-20 faiz kalium, çiçəkləmədən məhsul əmələ gətirməyədək 65-70 faiz azot və fosfor, 75-80 faiz kalium mənimsəyir. Mikrogübrələrin tətbiqi üçün hektara əlverişli norma 3 kiloqram bor, 1 kiloqram kobalt, 1 kiloqram mis, 2 kiloqram manqan verilməlidir.

Azot gübrəsinin illik normasının 25-50 faizi səpinqabağı becərmədə, qalan hissəsi isə 2-3 yemləmə şəklində 2-3 əsl yarpaq əmələ gəldikdə, qönçələmə və çiçəkləmə fazasında istifadə olunur. Kalium gübrəsinin illik normasının 50 kiloqramı şum altına, yerdə qalan hissəsi isə səpin qabağı becərmədə və qönçələmə fazasının əvvəlində verilməlidir.

Keyfiyyətli və daha çox məhsul əldə etmək üçün xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparmaq lazımdır. Onlar bitkinin müxtəlif vegetasiya dövründə zərər verir. Bu zərər təkcə məhsuldarlığın azalmasına deyil, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Çiçəkləmədən az sonra tək-tək pambıq sovkası müşahidə olunur ki, onlara qarşıda vaxtında kimyəvi preparatından istifadə edərək mübarizə aparılmalıdır.

Pambıq əkinlərində vaxtında aparılan ucvurma məhsuldarlığı 15-20 faiz artırır. Avqust ayında aparılan ucvurma məhsuldarlığı 15-20 faiz artırmaqla lifin texnoloji göstəricilərinə də müsbət təsir göstərir. Ucvurma vaxtında aparıldıqda qida maddələri bar orqanları arasında düzgün bölüşdürülür ki, bu da meyvə orqanlarının tökülmə faizini xeyli azaldır. O cümlədən pambığın ən təhlükəli zərərvericisi olan pambıq sovkasının yumurtalarının xeyli hissəsi sahədən kənar edilir. Yuxarıda qeyd olunan aqrotexniki tədbirlər optimal müddətlərdə aparıldıqda hektardan 40-50 sentner məhsul əldə oluna bilər.

Kənd təsərrüfatı sahələri sırasında pambıqçılıq ən çox əməktutumlu sahələrdən biridir. Məhsuldarlığın yüksəldilməsi şübhəsiz ki, sahə vahidinə əmək sərfinin, işçi qüvvəsinə tələbatın, ümumiyyətlə, kənd yerlərində məşğulluq səviyyəsinin artırılmasına mühüm töhfələr verən amillərdəndir. Hazırda ölkə əhalisinin 47 faizinin kənd yerlərində yaşamasını nəzərə alsaq, pambıqçılıqda məhsuldarlığın yükədilməsinin əhəmiyyəti bir daha aydın olar.

Son illərdə pambıqçılığa dövlət dəstəyi mexanizmində aparılan təkmilləşdirmələr pambıq istehsalçılarının gəlirlərinin məhsuldarlığın yüksəldilməsi hesabına təmin edilməsini zərurətə çevirib. Əgər 2017-ci ildə 1-ci növ pambığın bir tonu emalçılar tərəfindən 500 manata qəbul edilirdisə, 2018-ci ildə bir ton məhsula görə 600 manat ödənilməsi nəzərdə tutulur. Bundan başqa, pambığın hər kiloqramına görə dövlət tərəfindən 10 qəpik subsidiya ödənilir. Məhsuldarlığın yüksəldilməsi isə ümumi istehsalda yüksək keyfiyyətli, yəni 1-ci növ pambığın xüsusi çəkisinin artmasına səbəb olur. Bu isə mövcud dövlət dəstəyi şəraitində istehsalçının əlavə gəlir əldə etməsi deməkdir.

Bundan başqa, pambıq ixracyönümlü məhsullardan biri olmaqla ixracın, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Statistik məlumatlara nəzər salsaq görərik ki, 2017-ci ildə ölkədən 24,7 min ton və ya 33,7 milyon ABŞ dollarından çox pambıq lifi, 7028,6 ton və ya 15, 9 milyon dollar dəyərində pambıq iplik ixrac edilib. Halbuki 2014-cü ildə ölkədən, ümumilikdə, 14,5 milyon dollar dəyərində pambıq ixrac olunmuşdu. Əlbəttə ki, yuxarıda göstərilən aqrotexniki tədbirlərin vaxtında və qaydasında aparılması məhsuldarlığın yüksəldilməsinə səbəb olacaq ki, bu da ölkəyə pambıq satışından valyuta daxil olmasını artıracaq.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278