SƏNAYE

TAP layihəsi üzrə işlərin 60%-i tamamlanıb
02 NOYABR
119

TAP layihəsi üzrə işlərin 60%-i tamamlanıb

2017-11-02 15:13:00

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan İtaliya senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, iki ölkə arasında tarixən sıx əlaqələrin olduğunu vurğulayan P. Şahbazov enerji əməkdaşlığını və həyata keçirilən qlobal enerji layihələrini Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən mühüm faktorlar kimi xarakterizə edib. Bildirilib ki, uzun illərdir, Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biridir. İtaliya şirkətləri ölkəmizdə həyata keçirilən enerji layihələrində uğurla təmsil olunur.

P. Şahbazov enerji mənbələri və marşrutlarının diversifikasiyasının ölkəmizin enerji siyasətinin prioriteti olduğunu qeyd edərək deyib ki, qlobal enerji təhlükəsizliyi layihəsi olan "Cənub Qaz Dəhlizi" bu siyasətin həyata keçirilməsini təmin etməklə yanaşı, bu layihədə iştirak edən bütün ölkələrin iqtisadi inkişafında, etibarlı enerji təchizatında mühüm rol oynayacaq. "Cənub Qaz Dəhlizi"nin mühüm seqmentlərindən biri kimi Trans-Adriatik Boru Kəmərinin (TAP) İtaliya ərazisindən keçməsi isə bu ölkəni Azərbaycan üçün vacib tərəfdaşa çevirir.

Öz növbəsində İtaliya senatının sədr müavini ölkəsinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan İtaliyanın enerji sahəsində strateji tərəfdaşıdır və bu münasibətlər TAP-ın reallaşması ilə daha da möhkəmlənəcək. O, İtaliyanın mərkəzi hökuməti tərəfindən layihəyə lazımi dəstək verildiyini qeyd edib. TAP-ın 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacağına inamını ifadə edib.

Görüşdə TAP layihəsi üzrə görülən işlərin son vəziyyəti, layihənin ətraf mühitə təsiri və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb. Layihə üzrə işlərin 60%-nin tamamlandığı bildirilib. Qeyd edilib ki, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi perspektivlərinin İtaliyanın mövqeyini gücləndirməsi, eləcə də Əlcəzairlə 35 mlrd. kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddətinin 2020-ci ildə bitməsi ilə TAP-ın əhəmiyyəti daha da artacaq. Bütün bu amillərin layihənin strateji dəyərini artırmaqla bərabər, işlərin qrafikə uyğun aparılmasını da zəruri etdiyi bildirilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291