SƏNAYE

"Şahdəniz" yatağında ilk yarımillikdə 5,1 mlrd. kubmetr qaz hasil olunub
17 AVQUST
248

"Şahdəniz" yatağında ilk yarımillikdə 5,1 mlrd. kubmetr qaz hasil olunub

2017-08-17 16:22:00

2017-ci ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından 5,1 mlrd. kubmetr qaz və 1,2 mln. ton (təqribən 9,7 mln. barel) kondensat hasil edilib.

Fins.az xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Hesabat dövründə yataqdan qaz hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6%, kondensat hasilatının həcmi isə 7,7% azalıb.

Qeyd edilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. kubmetrdir (ildə təqribən 10,9 mlrd. kubmetr).

Birinci yarımildə “Şahdəniz Mərhələ 1”-in mövcud platformasında (“Alfa”) SDA11 qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

İkinci rüb ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün SDD01 quyusunun yerləşdiyi əraziyə keçirilib.

“Maersk Explorer” qazma qurğusu SDF01 quyusunun məhsuldar lay hissəsini qazaraq SDF02 quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.

"Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289