ANALİTİKA

Bu il Azərbaycanda ÜDM 3,5 faiz artacaq
04 FEVRAL
549

Bu il Azərbaycanda ÜDM 3,5 faiz artacaq

2019-02-04 13:46:00

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozu açıqlanlb. Agentliyin qiymətləndirmələri ilə 2019-cu ildə respublikamızda ÜDM 3,5 faiz artacaq.

Proqnoza əsasən, bu il Rusiyanın Azərbaycanın aqrar-sənaye kompleksi məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi isə qeyri-neft məhsulları və xidmətlərin ixracına stimul verəcək. Car il Azərbaycanın ümumi dövlət borcunun “BB” reytinqi üçün cari orta 48,1 faiz göstərici ilə müqayisədə, ÜDM-in 18,4 faizi səviyyəsində olacağı da proqnozlaşdırılıb. Nüfuzlu agentliyin proqnozlarında bu göstəricilərin ifadə olunması təsadüfi deyil. Ekspertlərin qənaətinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in artacağı ilə bağlı proqnoz iqtisadi potensialın davamlı şəkildə möhkənlənməsi ilə bağlıdır. Bu fikrin təsdiqi kimi, bəzi rəqəmlərə nəzər salaq. Ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyrineft sənaye məhsulu 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz, əhalinin nominal gəlirləri 9,2 faiz artıb. Əsas kapitala 17,2 milyard manat investisiya qoyulub ki, bunun da 65,5 faizi və ya 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb və hazırda 45 milyard dollara çatıb. Hesabat dövründə 118 min daimi iş yeri yaradılıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib. Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə 2018-ci ildə də sistemli islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sənaye istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin istehsal və ixrac potensialının, habelə Azərbaycanın tranzit imkanlarının böyük olduğunu və bunların reallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifələr qoyulduğunu, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının təşviqi məqsədilə təşkil olunmuş dəstək mexanizmlərinin cari ildə də uğurla həyata keçiriləcəyini nəzərə alsaq, “Fitch”in 2019-cu ildə Azərbaycanda ÜDM 3,5 faiz artacağı proqnozunun reallaşacağına heç bir şübhə yeri qalmır. Yuxarıda qeyd etdik ki, “Fitch”in proqnozuna əsasən, bu il qeyri-neft məhsulları və xidmətlərin ixracında da artım müşahidə ediləcək. Bu, analtiklərin bildirdiyi kimi, bir tərəfdən qonşu Rusiyanın ölkəmizin kənd təsərrüfatı məhsullarına tələbatı, turizm sektorunun inkişafı və karbamid zavodunun istifadəyə verilməsi ilə bağlıdırsa, digər tərəfdən, idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən birini təşkil etməsi ilə əlaqədardır. Azərbaycanda turizm sektorunun davamlı inkişafı da ixrac potensialının güclənməsinə öz müsbət təsirini göstərir. Bu məsələdə, əlbəttə, ölkədə siyasi sabitlik və təhlükəsizliyin mövcudluğu da önəmli rol oynayır. Nəhayət, karbamid zavodunun istifadəyə verilməsi də ixrac prosesini sürətləndirəcək. Çünki hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan “SOCAR karbamid” müəssisəsinin istehsala başlaması, əvvəla, azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq. Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Məlumdur ki, indiyədək azot gübrələri Azərbaycana idxal edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun, təxminən, 70 faizi ixrac ediləcək. Ümumiyyətlə, hazırda Azərbaycanda xarici investisiyaların cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi qarşıda durur. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Buna yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəmin verildiyi “SOCAR karbamid” zavodunun timsalında aydın görünür. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkləşəcək layihələr qarşıdakı illərdə sənayenin inkişafını stimullaşdıracaq. Mütəxəssislər tərəfindən “SOCAR karbamid” zavodu, həmçinin ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirilir. Burada ildə 650 min ton karbamid istehsal olunacağı və məhsulun böyük hissəsinin ixrac ediləcəyi gözlənilir.

 

“Xalq qəzeti”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271