Fins

17 Fevral

İlham Əliyev: Azərbaycan və Belarus üçüncü ölkələrin bazarlarına birlikdə çıxmaq üçün əlavə addımlar atacaq

Prezident İlham Əliyev Belarusla sənaye kooperasiyasını əməkdaşlığın mühüm istiqaməti hesab edir və üçüncü ölkələrin bazarlarına birlikdə çıxmaq üçün əlavə addımlar atmağı təklif edir.

“Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük. Əlbəttə, bu cür fəal qarşılıqlı işləri davam etdirmək niyyətindəyik”, - deyə dövlət başçısı fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən bildirib.

“Sənaye kooperasiyası əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız”, - deyə İ.Əliyev qeyd edib.

O, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını da diqqətə çatdırıb. “Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq. Beləliklə, gündəlik yetərincə genişdir, - deyə prezident vurğulayıb.

A.Ravkov Belarusun Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəklədiyini bəyan edib. “Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq”, - deyə səfir qeyd edib