DÜNYA

29 Dekabr

2019-cu ildə hadisələrin gedişatını dəyişən 4 QADIN

“Al Jazeera” bu il baş verən hadisələrdə mühüm rol oynayan dörd siyasətçi qadını təqdim edir:

Nensi Pelosi (Nancy Pelosi)

"Forbes" jurnalına görə "Dünyanın 100 ən nüfuzlu qadını" reytinqində üçüncü yeri tutan Nensi Pelosi, eyni zamanda, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə təyin edilərək ölkə tarixində ən yüksək vəzifəli qadın olub.

Pelosi ABŞ prezidenti Donald Trampın (Donald Trump) impiçment məsələsi üzrə araşdırma başladıb. Maraqlıdır ki, 78 yaşlı spiker Demokratlar Partiyası tərəfindən müəyyən narazılığa səbəb olur. Onlar sükanın arxasına yeni nəslin keçməsini tələb edirlər.

Nensi Pelosi Donald Trampın qərarlarını tənqid etdikdən sonra geniş populyarlıq qazanıb. Fevral ayında sosial şəbəkələrin hamısında belə bir video yayılıb: Nümayəndələr Palatasının spikeri Trampın çıxışından sonra onu alqışlayır.

Hazırda Pelosi Trampın impiçment məsələsinin araşdırılması ilə məşğuldur. İlk dəfə impiçment proseduruna qadın başçılıq edir.

Tereza Mey (Theresa May)

İngiltərənin baş naziri Tereza Meyi (Theresa May) tez-tez Marqaret Tetçerlə (Margaret Thatcher) müqayisə edirlər. Çünki o, yalnız beş qadının daxil olduğu dünyanın ən nüfuzlu insanları reytinqində 14-cü yerdə qərarlaşıb. Ötən il Mey “Forbes” jurnalının “Dünyanın ən nüfuzlu 100 qadını” siyahısında ikinci yeri tutub. Siyasətçinin istefa verməsi onun bu il reytinqdə yer almasına mane olub.

Böyük Britaniyanın Avropa Birliyində (AB) qalmasını dəstəkləyən Tereza Mey, bununla belə, bildirib: “Böyük Britaniya AB-ni tərk edəcək və “arxa girişdən” təşkilatın sıralarına nüfuz etməyə çalışmayacaq”.

Keçmiş baş nazir ölkə parlamentində “Brexit” məsələsi ilə bağlı fikir ayrılığına son qoymaq üçün böyük əmək sərf etsə də, səyləri nəticəsiz qalıb. Tereza Mey istefa verməli olub. O, istefa qərarını elan edən zaman göz yaşını saxlaya bilməyib və “Brexit”-i başa çatdıra bilmədiyi üçün təəssüf etdiyini bildirib.

Casinda Ardern (Jacinda Ardern)

O, “Forbes” jurnalının “Dünyanın ən nüfuzlu 100 qadını” reytinqində hadisələrə humanitar münasibətinə görə 38-ci yeri tutub. Dünyanın ən gənc baş naziri olan Casinda Ardern Kraystçörçdə baş verən terror aktına reaksiyası ilə ictimaiyyətin diqqətini cəlb edib.

Ardern Kraystçörç hadisəsindən sonra Yeni Zelandiyada yaşayan müsəlmanlara dəstəyini əsirgəməyib. O, baş verənləri terror aktı adlandırıb, məsciddəki insanları güllələyən döyüşçünün adını çəkməkdən imtina edib, çünki onun şöhrət qazanmasını istəməyib. Baş nazir deyib ki, müharibələrdən uzaqda yeni həyata başlamaq üçün Yeni Zelandiyada sığınacaq axtaran müsəlmanlara qarşı terror aktı keçirilib.

Maraqlıdır ki, Ardern qızının dünyaya gəlməsini öz ofisindən elan edib, ardınca cəmi 6 həftəlik analıq məzuniyyətinə çıxıb. O, bildirib ki, baş nazir kimi fəaliyyətini davam etdirdiyi müddət ərzində uşağa həyat yoldaşı baxacaq.

İlhan Ömər (Ilhan Omar)

İlhan Ömər ABŞ Konqresinə seçilən iki müsəlman qadından biridir. Bu da Amerika ictimaiyyətinin müsəlmanları və etnik azlıqları ölkənin siyasi həyatına inteqrasiya etmək istədiyini göstərir.

İyul ayında ABŞ prezidenti Donald Tramp Konqresin üzvü olan dörd qaradərili qadını, o cümlədən İlhan Öməri tənqid edib və bəyan edib ki, onlar öz vətənlərinə qayıtmalıdırlar. Xatırladaq ki, Ömər ABŞ-a Somali qaçqını kimi 12 yaşında gəlib. Konqresvumen Amerika liderinin bəyanatına cavabında onu “irqçi”, “faşist” adlandırıb.