BİZNES

23 Noyabr

“ASK Tekstil” MMC -yə mediatur keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 23-də “ASK Tekstil” MMC-yə mediatur təşkil edilib.

"Fins.az" xəbər verir ki, tədbirin məqsədi media vasitəsilə sahibkarların və ictimaiyyətin müəssisə haqqında məlumatlandırması, potensial investorların özəlləşdirməyə cəlb edilməsidir.

İlk olaraq KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar. Media mənsublarına müəssisənin qısa tarixi, istehsal sahələri, texnoloji avadanlıqlar, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.

Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb.

Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə Xidmət tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “ASK Tekstil” MMC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün öncədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.