BİZNES

03 May

Dövlət Xidmətindən Alimpaşa Məmmədovun oğlunun zavodu barədə - Açıqlama

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin İnformasiya, İctimaiyyətlə əlaqələr və Protokol şöbəsindən Fins.az-a bildirilib ki, Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb.

"Məlumat üçün bildirək ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 may 2021-ci il tarixində keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (//bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (//bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar",- məlumatda deyilir.