AQRO

04 May

Lənkəranda istixana şəraitində yetişdirilən xiyarın yığımına başlanılıb

Lənkəran rayonunda istixana şəraitində tərəvəz əkininə mart ayında başlanılıb. Fermerlər əldə olunan məhsuldarlıqdan razıdırlar.

Rayonda tərəvəzçiliklə məşğul olan məhsul istehsalçıları istixana şəraitində xiyarın yetişdirilməsinə diqqəti artırıblar. Təsərrüfatlarda əsasən məhsuldarlığı və dözümlülüyü ilə seçilən Hollandiyadan gətirilmiş xiyar növləri əkilib. Bu növ xiyarın bir şitilindən üç kiloqrama qədər məhsul yığmaq olur. Yığılan məhsul əsasən yerli bazara çıxarılır.

Bol məhsul əldə etmək üçün düzgün aqrotexniki qulluğun da böyük əhəmiyyəti var. Mütəxəssislərin sözlərinə görə, düzgün aqrotexniki qulluğun nəticəsidir ki, bu il tərəvəz bitkilərində heç bir xəstəlik aşkarlanmayıb.

İstixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin olmaqla yanaşı, daha çox vəsait tələb etsə də, məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər.

Qeyd edək ki, rayonda xiyar yığımı iyun ayına qədər davam edəcək.