TƏHSİL

Fərqlənmə attestatı verilərkən əsas götürülən kriteriyalar – Rəsmi
09 İYUL
220

Fərqlənmə attestatı verilərkən əsas götürülən kriteriyalar – Rəsmi

2019-07-09 17:08:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində attestatların verilməsinə artıq başlanıb.

2017-ci ildən etibarən IX sinfi bitirənlərə də attestat verilir. Təhsildə xüsusi nailiyyətləri ilə fərqlənənlər isə fərqlənmə attestatına sahib ola  bilirlər.

Bəs, fərqlənmə attestatı verilərkən hansı kriteriyalar əsas götürülür?

Məzunlara fərqlənmə attestatlarının verilməsi Təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilən “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən tənzimlənir.

Bu qaydalar Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndlərinə uyğun hazırlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı şərtləri ödəyən məzunlara verilir:

-Ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən;

-Bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan;

-Ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan;

-Tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 qiymət alan və ən azı 75 bal toplayan.

Qeyd edək ki, məzunlara ümumi orta və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

© Azedu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027