TƏHSİL

Universitetdə daha bir yenilik
12 FEVRAL
163

Universitetdə daha bir yenilik

2019-02-12 09:07:00

Xəzər Universitetinin nəzdində yaradılan Şahmat Akademiyasının açılış mərasimi keçirilib. Fins.az xəbər verir ki, universitetdən bildirilib ki, tədbirdə Gənclər və İdman Nazirliyinin, Şahmat Federasiyasının nümayəndələri, şahmatçılar, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, müasir tələblərə cavab verən, yeni tədris proqramları üzrə fəaliyyət göstərəcək şahmat akademiyası yaratmaqda məqsəd Azərbaycanda şahmatın inkişafına töhfə verməkdir. Hamlet İsaxanlı Azərbaycan şahmatının tarixi, onun gələcək inkişaf yolları haqqında öz fikirlərini bildirib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılıov, uzun illər ölkə şahmatının inkişafına xidmət etmiş beynəlxalq qrossmeyster, Əməkdar məşqçi Sərxan Quliyev və başqaları çıxış edərək yeni yaradılan akademiyanın ölkə şahmatı üçün xeyirli işlər görəcəyinə inamlarını ifadə ediblər. İştirakçılar arasında Azərbaycan şahmatının inkişafı ilə bağlı müzakirələr aparılıb. Şahmat akademiyasında dərslər beynəlxalq qrossmeyster Nicat Məmmədovun 25 illik şahmat təcrübəsi və FİDE ustası Elşad Rzayevin pedoqoji fəaliyyətinə əsaslanan, hər səviyyəyə uyğun hazırlanmış illik tədris proqramları əsasında keçiriləcək. Gələcəkdə bu təcrübələrin serial kitablar şəklində ictimaiyyətə çatdırılması planlaşdırılır. Bundan əlavə, akademiyada istedadlı və şahmata böyük həvəs göstərən uşaqlar üçün mütəmadi seans, seminar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Xəzər Universitetinin şahmat akademiyası ölkədə bu işlə məşğul olan yeganə təhsil məkanıdır ki, burada dərslər beynəlxalq qrossmeyster və FİDE ustası tərəfindən aparılır. Akademiyada dərslər 4 dildə (Azərbaycan, türk, rus və ingilis dili) dillərində tədris edilir. Eyni zamanda, akademiyada azyaşlı uşaqlar üçün dərslər xüsusi hazırlanmış rəngarəng, əyləncəli proqramlarla tədris olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267