TƏHSİL

Bu universitetdə Nuru Paşa adına Kitabxana açıldı - FOTO
24 DEKABR 2018
130

Bu universitetdə Nuru Paşa adına Kitabxana açıldı - FOTO

2018-12-24 16:10:00

Gəncə Dövlət Universitetinin beşinci tədris binasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə qurulmuş Nuru Paşa adına kitabxananın açılışı olub. Fins.az xəbər verir ki, açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, Gəncə şəhərindəki baş konsul Zeki Öztürk, TİKA-nın təmsilçiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər. AzEdu.az xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, burada yaradılan guşələrdə Ulu Öndərin zəngin siyasi fəaliyyətini əks etdirən fotolara baxıblar. İştirakçılar Türkiyənin Gəncədəki Baş konsulluğunun dəstəyi ilə yaradılan və Osmanlı arxivlərində saxlanılan, Qafqazla əlaqəli olan sənədlərin sərgisi ilə tanış olublar. Məlumat verilib ki, sərgidə XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb. Səfir, həmçinin universitetin 80 illik həyatını əks etdirən muzeylə və Əlil Tələbələr üçün Mərkəzin fəaliyyəti ilə tanış olub. GDU-da təhsil alan türkiyəli tələbələrlə görüşən səfir gənclərin təhsili ilə maraqlanıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sonra Nuru Paşa adına kitabxananın açılışı olub. Açılış mərasimində çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Nuru Paşa adına kitabxananın açılışını hər iki dövlət arasındakı elmi, ədəbi-mədəni əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirib. Məlumat verilib ki, TİKA-nın maliyyə dəstəyi ilə qurulan kitabxana Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşanın adını daşıyır. Bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Burada kompüterlər quraşdırılıb, sürətli internet xətti çəkilib. Oxu zalından və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin müəllim və tələbələrinə xidmət göstərəcək. 360 kvadratmetr sahəsi olan kitabxananın 30 minlik kitab fondu var. Həmin kitabların 20 mini TİKA tərəfindən universitetə hədiyyə edilib. Gələcəkdə kitab fondunun daha da artırılması nəzərdə tutulub. Müasir kitab və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələrə həm də elektron kitabxana xidmətlərindən istifadə üçün şərait yaradılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyev tərəfindən təhsilin inkişafına böyük diqqət yetirildiyini deyib və yeni kitabxananın açılışı münasibətilə kollektivi təbrik edib.

Tədbirdə çıxış edən Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin müdrik kəlamları ilə ifadə edib. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırladan səfir deyib ki, Türkiyə Azərbaycanın hər keçən gün daha da inkişaf etməsindən böyük qürur duyur. TİKA-nın 1993-cü ildən Azərbaycanın inkişafı üçün müxtəlif layihələr həyata keçirdiyini xatırladan Erkan Özoral bildirib ki, bu illər ərzində Türkiyə tərəfindən reallaşdırılan layihələrin sayına görə Azərbaycan ilk pillələrdə yer alır. “2018-ci ilin hər iki dövlət üçün əlamətdar hadisələrlə yaddaqalan olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olub. Həmin illərdə Birinci Dünya müharibəsində iştirak edən Osmanlı dövləti müharibənin sonuna yaxın bütün cəbhələrdə məğlubiyyətlə üz-üzə qalmasına baxmayaraq, ən bacarıqlı əsgərlərini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana göndərib. Məhz bu ordunun köməyi ilə 1918-ci il may ayının sonu, iyunun əvvəllərində Gəncə şəhərindən başlanan qurtuluş savaşı sentyabrın 15-də Bakının erməni daşnak və bolşevik qüvvələrindən azad edilməsi ilə başa çatıb və Azərbaycan tam olaraq öz müstəqilliyinə qovuşub”, – deyə E.Özoral qeyd edib. Həmin dövrdə hər iki xalqın qardaşlığı sayəsində şərəfli bir tarixin yazıldığını deyən səfir qeyd edib ki, bugünkü nəsillərin üzərində düşən əsas vəzifə həmin tarixi yaradan şəxsiyyətlərin ruhuna hörmətlə yanaşmaq və öz vəzifə borcunu yerinə yetirməkdir. Vurğulanıb ki, Gəncə Dövlət Universitetində yeni istifadəyə verilən kitabxana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adını əbədiləşdirməklə yanaşı, tələbələrin daha savadlı, bilikli gənclər kimi formalaşmasına xidmət göstərəcək. Sonda açılış mərasimin iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264