TƏHSİL

Hansı universitetlərdə adlı təqaüd verilir?
12 OKTYABR
151

Hansı universitetlərdə adlı təqaüd verilir?

2018-10-12 12:38:00

Azərbaycanda tələbələrin biliyinin qiymətləndirilməsi üçün onlara müxtəlif təqaüdlər verilir. Bu gün təhsilimizdə standart, prezident təqaüdü və adlı təqaüdlər sistemi mövcuddur. Adlı təqaüd təhsildə uğurlu nəticələrilə fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür. 

Hazırda Azərbaycanda bir sıra təhsil ocaqları tələbələrinə adlı təqaüdlər təklif edir. Amma tələbələrin əksəriyyəti adlı təqaüd anlayışından xəbərsizdir. 

Maraqlıdır, hansı ali təhsil ocaqlarımızda tələbələr üçün adlı təqaüdlər verilir?

Fins.az məlumat verir ki, Modern.az bu istiqamətdə kiçik araşdırma aparıb.

Azərbaycan Dövlət Aqrar Universitetdə bir neçə il əvvəl Mehdi Mustafayev adına təqaüd verildiyi barədə məlumat var idi. Hazırda bu adlı təqaüdün olub-olmadığını dəqiqləşdirmək üçün universitetin aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılovla əlaqə saxladıq. M. İsmayılov sözügedən təqaüdün hazırda tələbələrə verilmədiyini bildirib:

“Mehdi Mustafayev adına təqaüd yığışdırılıb. Ümumiyyətlə, adlı təqaüdlər son illər ləğv edilir. Aqrar Universitetdə adi və prezident təqaüdçüləri təhsil alır. Bir də müəyyən şirkətlər öz hesabına imtahan götürür, istedadlı tələbələrə təqaüd ayırırlar. Amma bu adlı təqaüd deyil. Təxminən üç ildir ki, adlı təqaüdlər tamamilə yığışdırılıb”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, burada prezident və adi təqaüd alan tələbələr var. Lakin adlı təqaüdlər UNEC tələbələrinə aid deyil.

Özəl universitetlərdən biri olan “Azərbaycan” Universitetində adlı təqaüd sistemi mövcuddur. Belə ki, universitet tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd 2016-2017-ci tədris ilindən etibarən birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

“Qərbi Kaspi” Universitetində isə adlı təqaüd yoxdur. Universitetin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov bildirib ki, qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün digər güzəştlər nəzərdə tutulub:

“Qəbul imtahanlarında 601-700 arası bal toplayan tələbələr “Qərbi Kaspi” Universitetini seçərlərsə, onlara təhsil haqqında 100 faiz güzəşt olunur. 551-600 arası bal toplayan tələbələrə 70 faiz, 501-550 bal toplayanlara 50 faiz, 451-500 bal toplayan abituriyentlərinə 30 faiz, 380-450 bal arası nəticə göstərənlərə isə 20 faiz güzəşt nəzərdə tutulur. Adlı təqaüdlər isə “Qərbi Kaspi” Universitetində yoxdur”.

Azərbaycan Dillər Universitetində (ADU) isə gələcəkdə bu cür təqaüdlərin verilməsi planlaşdırılır. ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərlinin sözlərinə görə, İsmixan Rəhimov, Ülvi Bünyadzadə və digər görkəmli şəxslərin adına təqaüdlərin verilməsi təklifi var: 

“Bu barədə təşəbbüs ADU-nun rektoru, akademik Kamal Abdullaya aiddir. Adlı təqaüdlərin verilməsi istiqamətində işlər görülür və yəqin ki, yaxın zamanlarda həyata keçəcək”.

Adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici isə Bakı Dövlət Universitetindədir. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova 22 ziyalının adına təqaüd verildiyini söyləyib:

“Bu təqaüdlər təhsildə fərqlənməyə, yüksək göstəricilər əldə etməyə görə müəyyən olunur. Ola bilər, bir təqaüdə birdən çox tələbə layiq görülsün.  Hazırda Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz  Ələsgərov, Heydər Hüseynov və digərlərinin adına adlı və xüsusi təqaüdlər təsis olunub”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259