TƏHSİL

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda - KONFRANS
06 İYUN
110

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda - KONFRANS

2018-06-06 11:08:00

İyunun 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın uğurlu nəticələrindən söz açıb. Bildirilib ki, hazırda ölkəmizdə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-in birgə hazırladığı “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” həyata keçirilir. Bu layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan məsələlərə aid 2016-2017-ci illərdə ÜƏMT ilə birgə əməkdaşlıqda üç beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli mülkiyyət siyasəti ilə bağlı tanınmış beynəlxalq ekspertlər tərəfindən lazımi kömək göstərilib, mütəxəssis hazırlığı aparılıb. Buradakı sərgidə əməkdaşlığın bəhrəsi kimi startapların və spinautların fəaliyyətlərinin nəticələri nümayiş etdirilir.

F.Qarrinin “gələcəkdə texnologiyalar tərəfindən əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır” fikrini xatırladan K.İmanov deyib ki, bununla da texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsirini və öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmamasını, əksinə, ona uyğunlaşmasını vurğulayırıq. Bu da F.Qarrinin öncədən gördüyü əqli mülkiyyətin gələcək təkamülünün konturlarını müəyyənləşdirir. Məhz bu səbəblərdən F.Qarrinin əqli mülkiyyətin rolunun yenidən dərk edilməsi barədə fikirlərinə qoşulur və dəstəkləyirik. Əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır. Çünki Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu–innovativ inkişafa qədəm qoyur. Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və “Made in Azerbaijan” brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyətini arxada qoyub, hazırda ölkədə iqtisadi artımlı dinamika müşahidə olunur, qeyri-neft sektorunda cari ilin dörd ayında 11 faiz irəliləyiş var və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan rəqabətqabiliyyətliliyə görə dünyada bir sıra inkişaf etmiş ölkələri üstələyərək 35-ci yeri tutur.

Yaşadığımız “biliklər cəmiyyətində”, texnologiyaların sıçrayışı dövründə və rəqəmsal innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.
K.İmanov deyib ki, qarşımızda duran vəzifələri də, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikri ilə izah etmək olar. Bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq, yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun 2018-ci il üçün “İnklüziv inkişaf indeksi”nə əsasən, ölkəmiz inkişaf edən ölkələr arasında üçüncü yeri tutur.

Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib.

Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı beş faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz aşağı düşüb.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlıq aparır, müəlliflik və oxşar hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfli konvensiya və sazişlərdə iştirak edir. Hazırda ÜƏMT-in müəlliflik hüququna aid iki yeni müqaviləsinə – Mərakeş və Pekin müqavilələrinə qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti ilə bağlı üç sazişə qoşulmaq planlaşdırılır.

Vurğulanıb ki, Azərbaycan ÜƏMT-in rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunur. Azərbaycanın nümayəndəsi - Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri K.İmanov “ÜƏMT-in Müəlliflik hüququna dair Müqaviləsi” Assambleyasının vitse-prezidenti seçilib.

ÜƏMT ilə əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə bu qurum arasında Əməkdaşlıq Proqramı, 2014-cü ildə əməkdaşlıq haqqında anlaşma memorandumu və hazırda yenilənmiş memorandum imzalanıb.

Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycanın əqli mülkiyyətə aid zəngin milli qanunvericilik bazası formalaşıb. Buraya bilavasitə əqli mülkiyyəti qoruyan səkkiz qanun və məcəllənin müvafiq müddəaları, əqli mülkiyyət hüquqlarını dolayısı ilə qoruyan iki qanun və əqli mülkiyyət hüquqlarının qorunmasına istinad olunan 12 qanun daxildir. MDB məkanında analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” və Avropada ilk olan “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması” haqqında qanunlar xüsusilə qeyd edilməlidir.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və sənədə bu sahənin inkişafı ilə bağlı səkkiz tədbir daxil edilib.

Ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Dövlət başçısının apardığı institusional islahatlara uyğun olaraq təsis edilmiş Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifələr Prezident İlham Əliyevin innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırılır və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət göstərməsini əhatə edir. Həmin vəzifələrin icrası üç amil nəzərə alınmaqla, həyata keçirilir: ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çevrilməsi; kiçik və orta sahibkarlığın (KOS) iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması; əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Qeyd olunanlarla bağlı bir sıra tədbirlər, o cümlədən Azərbaycanın uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması; İxtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin patent alınmasını sadələşdirən Patent hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması; Universitetlər, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, onların texnologiyaların kommersiyalaşma ofislərinə (TKO) çevrilməsi; Elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların transfer Mərkəzləri və Əqli mülkiyyət hüquqlarının Kommersiyalaşdırılması Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyi nəzdində yaradılması; “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması; Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi həyata keçirilməlidir.

K.İmanov ÜƏMT-in baş direktoru F.Qarriyə, Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessovaya keçirilən konfranslara dəstək göstərdiklərinə görə təşəkkürümü bildirib, iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən F.Qarri Bakıya səfərinin əhəmiyyətindən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə faydalı və səmərəli əməkdaşlıqdan danışıb, iki qurum arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

ÜƏMT-in baş direktoru deyib ki, son on ildə əqli mülkiyyətə qlobal səviyyədə diqqət və maraq artmaqdadır. Dünyanın müxtəlif ölkələrində əqli mülkiyyət fəaliyyətinin tətbiqi iqtisadiyyatın inkişafı ilə bağlıdır. Ötən il əmtəə nişanları ilə əlaqədar iki milyona yaxın ərizə verilib. İnnovasiya və əqli mülkiyyətin coğrafiyası da dəyişməkdədir. Asiya qitəsi intellektual əqli mülkiyyət ərizələrinin əsas mənbəyinə çevrilib. Qlobal səviyyədə 60 faizdən çox ərizə Asiya ölkələrindən daxil olub. Beynəlxalq patent ərizələrinin 49 faizi Asiya qitəsindən gəlir. Strateji mövqeyə malik Azərbaycan kimi ölkələr üçün bu çox vacib göstəricidir. Əqli mülkiyyətin fəaliyyət göstərdiyi texnoloji əsas dəyişib. Xüsusi əhəmiyyətli ekosistemlərin yaradılmasında universitetlərin rolu böyükdür. Çox şadıq ki, Azərbaycanda bu sahədə birgə layihə həyata keçirilir. Universitetlər və tədqiqat institutları dəyişikliklərin əsası və bilik mənbəyidir. Onlar biliklərin iqtisadiyyatda elmi tədqiqi baxımında elm və texnologiya arasında körpü rolunu oynayır. Bunun üçün müxtəlif siyasətlər və tədqiqatların dəstəklənməsi lazımdır. Tədqiqat institutları və universitetlərin inkişafı uğurlu innovasiya sistemi üçün vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyasinin prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkədə elm siyasətini, o cümlədən uzunmüddətli elmi tədqiqat işlərini AMEA həyata keçirir, rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında bu təşkilatın rolu böyükdür. Dünya təcrübəsində elm-biznes əməkdaşlığının xüsusi əhəmiyyət verildiyi məqamlardan biri də elmi-tədqiqat institutlarının tərkibində texnoparkların yaradılmasıdır. Dövlətimizin başçısının 2016-cı il 8 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılan “AMEA Yüksək Texnologiyalar Parkı” bu istiqamətdə atılan çox vacib addımlardan biridir. Elm-biznes əməkdaşlığının formalaşdırılması istiqamətində real işlər görən AMEA və onun nəzdində yaradılan Yüksək Texnologiyalar Parkı qısa müddətdə bir sıra işləri uğurla həyata keçirib.

Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. Yaşadığımız bilik və innovasiya iqtisadiyyatı dövründə davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu əhəmiyyətli dərəcədə artmaqdadır. İnnovasiya prosesi yeniliklərin yaradılmasından başlayaraq bu yeniliklərin mənimsənilməsi və bazara çıxarılmasınadək olan bütün mərhələlərdə əqli mülkiyyətin iştirakını özündə ehtiva edir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır.

Qeyd edilib ki, ali təhsil müəssisələrinin tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, universitetlərin elmi və elmi-texniki fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması isə yüksək elmi potensialı tələb edir. Hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən çox alim elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 35 faizi fəlsəfə doktoru, səkkiz faizi isə elmlər doktorudur. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illərlə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son dörd ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son üç ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb, ilkin təhlillərə əsasən, 1.118 elmi tədqiqat işinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.

Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessova diqqətə çatdırıb ki, Azərbaycan bu qurumun səkkiz üzvündən biridir. Ötən il təşkilata müvafiq sahə üzrə 37 ərizə daxil olub. Bu qurumun iyirmi illik fəaliyyəti dövründə ümumilikdə 320 ərizə verilib, 240 ixtira qeydə alınıb. Azərbaycandan hazırda 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələrin, akademiyaların və institutların payına düşür.

Sonra tədbir iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Beynəlxalq konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar təşkil olunub.

Bir sıra ölkələrdən tanınmış ekspertlərin iştirak etdikləri seminarda “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” (ÜƏMT-in 2017 hesabatına giriş), “İnnovasiya və enerji” və digər mövzularda məruzələr dinlənilib. Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272