SOSİUM

İşsizlərin DİQQƏTİNƏ
18 OKTYABR
188

İşsizlərin DİQQƏTİNƏ

2018-10-18 12:57:00

Azərbaycan hökuməti işsizlik sığortası hesabına işə yeni qəbul edilən işçilərin əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi qaydalarına yenidən baxmağa hazırlaşır.

Fins.az "Vergilər qəzeti"nə istinadən xəbər verir ki, buna səbəb həmin yeniliyə sahibkarların maraq göstərməməsi olub.

Xatırladaq ki, yeni qaydalara əsasən, işə bir sıra təbəqələrdən olan işçilərin qəbulu zamanı ödənilən əməkhaqqının 50%-ə qədərini dövlət ödəyəcəkdi. Burada əsas məqsəd məşğulluğun artırılması və bəzi kateqoriyaların sosial müdafiəsini gücləndirməkdir. Amma ilk baxışdan cəlb­edici görünsə də, Azərbaycanın iş adamları və şirkətləri bu sistemə maraq göstərməyiblər. Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, indiyədək bu yeniliyin tətbiqi üçün müraciət edən iş adamı olmayıb.

Mütəxəssislərin rəyinə görə, bunun səbəbi həmin qaydalarda bir sıra sərt tələblərin olmasıdır. Qaydalara görə, proqramda yalnız o şirkətlər iştirak edə bilər ki, işçilərinin 40 faizinin xüsusi dəstəyə ehtiyacı olsun. Buraya əlillər, məcburi köçkünlər, 20 yaşınadək gənclər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər, pensiya yaşına 2 il qalmış vətəndaşlar, əlil uşaqları olan valideynlər aiddir. İşçilərinin 40 faizini belə insanlar təşkil etməyən şirkətlərin isə proqramda iştirak etmək hüququ olmur. Bundan başqa, şərtlərə görə, proqramda iştirak etmək istəyən şirkətlər ən azı son bir ildə fəaliyyət göstərmiş olmalı, son bir il müddətində işçi sayında ixtisar etməməli, ümumiyyətlə, son bir ildə bu şirkətdə heç kim işdən çıxarılmamalı, vergi borcları və digər öhdəlikləri olmamalıdır.

Müşahidələr göstərir ki, bu tələblərə cavab verən şirkətlər, demək olar ki, yox səviyyəsindədir. Çünki heç bir şirkətdə işçilərin 40%-i göstərilən təbəqəyə aid deyil, üstəlik, son bir ildə bir işçini belə, nəinki ixtisar, hətta hər hansı səbəbdən işdən çıxarmayan şirkət tapmaq müşkül məsələdir. Buna görə də hazırda yeni qaydalarda bir sıra dəyişikliklərin edilməsi, bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin aparılması hökumətin gündəliyində duran məsələlərdəndir.

İqtisadçı ekspert Vüqar Bayramov məsələyə açıqlama verərək bildirib ki, burada söhbət daha çox gənclərin işlə təmin olunmasından gedir: «Əslində, bu, xüsusilə sahibklarlar və dövlət üçün cəlbedici mexanizmdir. Dövlət sahibkarları, gəncləri və digər bu kimi kateqoriyadan olan vətəndaşları işə cəlb edən zaman əməkhaqqının 50 faizini özü ödəyir. Bu da nəticə etibarilə sahibkarları stimullaşdırır ki, onlar həmin şəxslərin işə cəlb edilməsində maraqlı olsunlar».

V.Bayramov qeyd edib ki, sistem yeni olduğu üçün hələ formalaşma mərhələsindədir və ona görə də ondan istifadə edənlərin sayında ciddi bir artım gözləmək düzgün deyil:

 

İqtisadçı ekspert Vüqar Bayramov

Yeni qaydaların təqdim və təbliğ edilməsinə ehtiyac var. Sahibkarların maarifləndirilməsi və təşviq edilməsi vacibdir. Digər tərəfdən isə sistemin təkmilləşdirilməsinə ehtiyac var. Güzəştli müddətin uzadılması daha məqsədəuyğun olardı. Burada xüsusən də iş yerlərinin sektorlar üzrə qruplaşdırılması və fərqli güzəştlərin təbliğ edilməsi zəruridir. Güman edirəm ki, həssas qrupları, o cümlədən gəncləri daha çox işə cəlb edən sahibkarlar üçün əlavə güzəştlərin tətbiq edilməsi və xüsusən onların güzəştli kreditlərə çıxış imkanlarının artırılması məqsədəuyğun olardı. Gələcəkdə bu sistemin təkmilləşdirilməsi sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlığın gücləndirilməsinə, gənclərin məşğulluğunun artmasına gətirib çıxaracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258