SOSİUM

“Ünvanlı yardımın və əlilliyin verilməsində neqativ hallar yaşanır”
25 MAY
364

“Ünvanlı yardımın və əlilliyin verilməsində neqativ hallar yaşanır”

2018-05-25 11:48:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib.

Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatot riya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Əmək və əhalinin sosial müadfiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə sosial ədalət baxımından islahatlara ehtiyac olduğunu vurğulayıb. Yeni nazir beynəlxalq təcrübədən yararlanamaqla aparılacaq islahatların əlilliyin təyin edilməsi prosesini daha da sadələşdirəcəyini bildirib.

Bundan sonra Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.

Bütün bunlar sosial yardım, əlilliyin təyin olunması istiqamətindəki süründürməçilikləri, neqativləri aradan qaldıra biləcəkmi?

Bu qəbildən olan sualları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırıb. H.Rəcəbli bildirib ki, bu istiqamətdə olan məsələlər və çatışmazlıqlar vaxtaşırı komitədə müzakirəyə çxıarılır:

“Bildiyiniz kimi, ötən günlərdə əlillərlə bağlı daha bir qanun üçüncü oxunuşdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olundu. Bu ilk belə müzakirə deyil. Biz vaxtaşırı sosial müadfiə sistemində islahatları müzakirəyə çıxararaq, çox sayda qanunun qəbul edilməsinə nail olmuşuq”.

Komitə sədri hətta səsləndirdiyi təklifə görə qınaq atəşinə tutulduğunu da xatırladıb:

“Xatirinizdədirsə, bir vaxtlar ələbaxımlılığın qarşısının alınması üçün sosial yardımın qoyunla verilməsini təklif etmişdim. Həmin vaxt da müzakirə açıb xoşagəlməz fikirlər səsləndirdilər. Amma zaman keçdi, bizim bu təklifimiz özünüməşğulluq kimi təsdiqləndi. Ona görə də, mütəmadi olaraq bu məsələlər komitədə müzakirə olunur. Təklif etdik ki, əli-ayağı, fiziki durumu normal və işləmək imkanı olan adamlara ünvanlı yardım özünüməşğuluqla verilsin. Mal-qara, arı-bal pətəyi və s. bu sistem başladı işləməyə.

Bir vaxtlar ünvanlı yardımda əlilliyin müəyyənləşməsi zamanı vətəndaş-məmur kontaktı eybəcər halların yaranmasına gətirib çıxarırdı. Bunun qarşısının alınması üçün elektron hökumətə keçdik. Bu təcrübə də göstərdi ki, burada da müəyyən neqativ hallar var. Ona görə də yeni mexanizmlərin tətbiqini planlaşdırırıq”.

H.Rəcəbli deyib ki, artıq bununla müvafiq işlərə başlanılıb:

“Bu gün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə birlikdə ünvanlı yardımın və əlilliyin müəyyənləşməsinin mexanizmlərini yenidən hazırlamağı düşünürük. Çünki orda həm neqativ, həm də qeyri-obyektiv hallar yaşanır. Biz bu məsələlərin islahatları mütləq həyata keçirməliyik. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanladıq. Ünvanladığımız məktubun mahiyyətində o durur ki, yay tətili dövründə qanunların monitorinqi keçirilsin. Həm nazirlik, həm biz, həm də ictimai birliklər, Qeyri-Hökumət təşkilatları ilə birgə monitorinqlər aparaq. Nöqsanların, neqativlərin harada olduğunu müəyyənləşdirək və sentyabr-oktyabr aylarında parlamentdə dinləmələr keçirək. Dinləmələrdən sonra müəyyən edilmiş neqativlərin həllinin qanuni tərəfini tapaq və onu təsdiqləyək”.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259