SOSİUM

Azərpoçtda dekoder qıtlığı yaranıb
08 NOYABR
528

Azərpoçtda dekoder qıtlığı yaranıb

2016-11-08 14:07:00

“Bakı və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra yardımçı tədbir kimi “Azərpoçt”un filiallarında dekoderin satışı təşkil edilib. Həmin dekoderlər ticarət güzəşti əsasında distribütorlar tərəfindən “Azərpoçt”a təqdim edilən qiymətə satılır”.

Bunu açıqlamasında “Azərpoçt” MMC-nin baş direktor vəzifəsini icra edən Sübhan Kazımov deyib.

O bildirib ki, konfiqurasiyasından asılı olaraq müxtəlif modellər 35 manatadək satılır: “Dekoderləri distribütorlardan aldığımız qiymətə satırıq. Bildiyiniz kimi, poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınmasıdır. Eyni zamanda əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Modellərin qiymət fərqinə gəlincə isə bu dekoderlərin fərqliliyindən irəli gəlir”.

İlk günlər məsələ ilə bağlı yaranan ajiotaja münasibət bildirən S.Kazımov bildirib ki, bu, əhalinin qurğulara olan tələbatından irəli gəlirdi. “Tələbat çox idi və bir-iki gündə bunu qarşılamaq mümkün deyildi. Təbii ki, görülən tədbirlər nəticəsində ilk günlərdəki ajiotaj yoxdur. Əhalinin tələbatına uyğun olaraq bu yardımçı fəaliyyət davam etdirilir”, - deyə, S.Kazımov əlavə edib.

Onun sözlərinə görə, artıq Qobustan, Salyan və Xızı rayonlarına da dekoderlər göndərilib: “Noyabrın 20-dən sonra bütün rayonlara dekoderlər göndərməyi planlaşdırırıq. Dekoderlərin satışının poçtlarda təşkil olunmasının bir üstünlüyü də odur ki, “Azərpoçt”un Azərbaycan üzrə 1500-dən çox şöbəsi var. Bu şəbəkə imkan verir ki, qurğuların satışı vətəndaşlar üçün daha əlçatan olsun. Bakı üzrə 300-dən çox poçt şöbəsi fəaliyyət göstərir ki, onların hamısında satış həyata keçirə bilirik. Yalnız o poçtlarda satış həyata keçirilmir ki, həmin şöbənin kommersiya fəaliyyətinə icazəsi yoxdur”.

“Azərpoçt” rəsmisi onu da vurğulayıb ki, bir adama iki ədəddən artıq dekoder satılmasına qadağa qoyulub: “Bəzi şəxslər situasiyadan sui-istifadə edərək daha çox dekoder əldə edib əhaliyə baha qiymətə sata bilərlər. Ona görə də hər bir alıcıya maksimun 2 ədəd dekoder satılır. Bizə müraciət edən istənilən şəxsə xidmət göstərilir, amma bu limiti tətbiq etmək məcburiyyətindəyik. Bununla qeyd etdiyim halların qarşısını nisbətən almağa çalışırıq”.

S.Kazımov onu da bildirib ki, əhalinin bu qurğulardan istifadəsini asanlaşdırmaq məqsədi ilə dekoderlərin təlimatı Azərbaycan dilinə tərcümə olunur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271