SOSİUM

Uşaqlarlarla bağlı yeni bizneslər başlayır – MÜŞAYİƏTÇİ XİDMƏTİ
17 OKTYABR
520

Uşaqlarlarla bağlı yeni bizneslər başlayır – MÜŞAYİƏTÇİ XİDMƏTİ

2016-10-17 15:35:00

Şəhərlər üçün ənənəvi olan xroniki vaxt qıtlığı, valideynlərin məşğulluğu və övladlarına vaxt ayırmaq imkanının getdikcə azalması uşaqlarla bağlı yeni bizneslərin və xidmətlərin yaranmasına səbəb olub. Fins.az-ın məlumatına görə, mövcud vəziyyəti analiz edən avtomobil sahibləri bundan istifadə edərək  artıq yeni xidmət təklif etməyə başlayıblar. Söhbət uşaqların məktəb və ya bağçaya aparılmasından gedir. Əslində belə xidmətlər indiyədək də var idi. Amma elan saytlarından verilən məlumata görə, son bir ayda bununla bağlı  elanların sayı durmadan artır. 

Uşaqları məktəbə kim aparıb-gətirə bilər?

Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a deyib ki, gənc ailələrin və valideynlərin əsas problemlərindən biri uşaqların məktəbə və baxçaya aparılıb-gətirilməsi ilə bağlıdır. İş qrafiki sıx olan valideynlər uşaqlarını məktəbə və ya baxçaya aparmaqda çətinlik çəkirlər: «Şəxsi avtomobili olanlar uşaqı məktəbə vaxtında çatdırsalar belə, səhər və axşam saatlarında Bakı yollarında avtomobillərin hərəkət sıxlığına görə, işə gecikirlər». Və ya səhər məktəbə getsələr də, dərsin sonunda geri qayıdıb onu götürmək problemə çevrilir.

Taksi xidməti sərfəli deyil

V.Hüseynov bildirib ki, digər tərəfdən taksi xidmətindən istifadə də valideynlər üçün sərfəli deyil. Taksi bəzən gecikə bilir, bəzən də əlavə pul qazanmaq üçün yolda digər müştərini də  götürə bilər. Digər tərəfdən taksinin bir dəfə sifarişi minimum 5 manata başa gəlir. Hər ailənin büdcəsi isə bu məbləği qarşılamağa yetərli deyil. 

Yeni xidmətin qiyməti – ayda 100-150 manat

Yeni xidmətdə isə qiymətlər başqa formada – aylıq hesablanır. Ucuz və az yanacaq işlədən avtomobillə uşaqları bir ay müddətində məktəbə aparıb-gətirmə cəmi 100-150 manata başa gəlir ki, bu da həm sürücüyə, həm də valideynlərə sərf edir. Digər tərəfdən uşağın məktəbə gecikməsi ilə bağlı narahatçılıq yaranmır. 

Belə xidməti göstərənlər dəfələrlə artıb

Onun sözlərinə görə, vəziyyəti analiz edən sürücülər artıq elan saytlarında belə bir xidmət təklif edirlər. Dərs mövsümünün başlaması ilə əlaqədar olaraq təklif edilən belə xidmətlərin sayı 30 dəfə artıb. Belə ki, əgər əvvəl ayda bu xidmətlə bağlı cəmi 5 elan yerləşdirilirdisə, indi hər gün 5 belə elan yerləşdirilir. 

Valideynlər daha çox xanım sürücülərə etibar edir

Maraqlıdır ki, bu xidməti təklif edənlər sırasında xanım sürücülər də var. V.Hüseynov bildirib ki, kiçik ölçülü “KİA Picanto”, “Nissan Juke”, “Nissan Micra” sahibləri daha çox bu xidməti təklif edirlər. Xidmətlə bağlı elan yerləşdirən hər 5 müştəridən 2-si xanım sürücüdür: «Məsələ burasındadır ki, valideynlər övladlarını kişilərdən daha çox xanım sürücülərə etibar edirlər. Yaranan vəziyyət isə avtomobili  olan xanımlara pul qazanmaq üçün əla fürsət yaradıb».

Yeni vəziyyət köhnə avtomobil bazarında da canlanma yaradıb

V.Hüseynov bildirib ki, yeni xidmətə yüksək tələbatın yaranması hətta avtomobil bazarında da canlanma yaradıb.Belə ki, iqtisadi durğunluq və bahalaşma səbəbindən bəzi avtomobillərin satışı  dayansa da qiyməti 10 min manata kimi avtomobillərin satışı azalmayıb. V.Hüseynov bildirib ki,qiyməti 5-7 min manata olan az yanacaq işlədən avtomobillərin böyük hissəsini sırf bu məqsədlə alınır. Xüsusilə də, köhnə «Opel» və «Mercedes»ləri bu xidmətə görə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275