SOSİUM

Prezident İlham Əliyev hərbçilər üçün tikilən binada olub
25 İYUN
402

Prezident İlham Əliyev hərbçilər üçün tikilən binada olub

2016-06-25 19:11:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına bina haqqında məlumat veriblər.

Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib. Sərəncama əsasən Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb. Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir. Binada sərnişin və yük liftləri quraşdırılıb. Damafon, yanğınsöndürmə, siqnalizasiya, havalandırma və kombi sistemləri ilə təmin olunan mənzillərə telefon, internet, televiziya xətləri çəkilib. Təbii qazla təchiz olunan binanın həyətində yanğın və içməli su anbarları inşa edilib, idman avadanlıqları qoyulub, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Binanı daimi su ilə təchiz edən nasos stansiyası və zirzəmidə müasir avtomobil dayanacağı yaradılıb.

Bu cür müasir yaşayış binalarının inşası sübut edir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə mühüm layihələr icra olunur. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirir.

Hərbçilərlə görüşən Prezident İlham Əliyev onları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, uğurlar arzulayıb. Hərbçilər üçün yeni yaşayış binasının qısa müddətə inşa olunduğunu və burada hər cür şəraitin yaradıldığını deyən Prezident İlham Əliyev indiyədək 900-ə yaxın hərbi qulluqçunun mənzillə təmin edildiyini bildirib. İ.Əliyev deyib ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirdi.

Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan bildirib ki, bunu aprel döyüşləri də göstərib. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə etdi. Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlətimizin başçısı dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək. Ali Baş Komandan qeyd etdi ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident İlham Əliyev bildirdi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. 

Sonda Ali Baş Komandan bir daha vurğuladı ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Daha sonra dövlət başçısı mənzillərin açarlarını hərbçilərə təqdim edib. Hərbçi Əhməd Qafarov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə hərbçilər adından minnətdarlığını bildirib və xatirə şəkli çəkilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275