SOSİUM

Azərbaycanda qaçqınlara "yaşıl" işıq - VƏTƏNDAŞLIQ ALMAĞIN QAYDALARI
24 İYUN
283

Azərbaycanda qaçqınlara "yaşıl" işıq - VƏTƏNDAŞLIQ ALMAĞIN QAYDALARI

2016-06-24 12:49:00

Azərbaycanda qaçqın statusu verilən şəxslərin vətəndaşlığa qəbulu proseduru müəyyən edilib. 
 
Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasda qəbul edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 
 
Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
 
Qanuna əsasən, Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. 
 
İndiyə qədər əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanıb. 
 
Dəyişikliyə əsasən isə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi günlə bərabər, həm də ona qaçqın statusu verildiyi gündən hesablanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271