SOSİUM

İxtisar dramı - Muzdlu işçilərin nəzərinə!
15 İYUN
1088

İxtisar dramı - Muzdlu işçilərin nəzərinə!

2016-06-15 11:42:00

İqtisadi böhran ilk növbədə Azərbaycanın əmək bazarına böyük zərbə vurdu. 2015-ci ilin ortasından iş yerlərinin sürətlə bağlanması nəticəsində ölkədə işsizlərin sayı kifayət qədər artdı. İş yerlərinin qıtlığı fonunda isə işçilərin hüquqlarının pozulması halları yüksəlir. Yəni, böhran işəgötürənlər üçün mənfi mənada “fürsətlər” açıb. İş yükünün artırılması, işçiləri öz ərizələri ilə işdən azad olmağa vadar etmə, öz hesablarına müddəti bilinməyən ezamiyyətlərə göndərmək kimi əmək hüquqlarının pozulmasına dair “işçi tarixçələri” artır.

«Hələlik məzuniyyətə çıx, sonrasına baxarıq»

Bakı şəhər sakini, ailədə yeganə işçi qüvvəsi olan, iki uşaq atası Emil Məlikov da Maxmedia MMC tərəfindən “ixtisara salınıb”: “Məni çağırıb dedilər ki, şirkətin sifarişləri azalıb, səni ixtisara salırıq. Ərizə yaz ki, iki həftəlik məzuniyyətə çıxırsan. Sonra qayıdıb öz xahişinlə işdən ayrılarsan. Razılaşdım, ərizə yazdım və dəyəri ödənilməklə məzuniyyətə çıxdım. Həmin müddətdə isə icra etdiyim  sifarişlərdən biri üzrə işləri təhvil vermək lazım olub və mənə zəng vurdular ki, tez ol işə gəl. Dedim elə bir yerdəyəm ki, gələ bilmirəm. Ondan sonra mənimlə münasibətləri pisləşdi”.

Beləliklə, E.Məlikov işə qayıdır və əmək haqqını alıb öz xahişi ilə işdən ayrılmağa qərar verir. Lakin ona deyirlər ki, hər ay olduğu kimi 1000 AZN yox, 240 manat maaş alacaq. Emil razılaşmır və “həqiqi məvacibini” tələb edir. Lakin mühasib “sübut elə ki, 1000 manat alırsan, vermirəm, rəsmən 240 manata imza atırsan, onu da alacaqsan, - söyləyir. Emil mühasib və icraçı direktorla danışmaq qərarına gəlir. Bu zaman görüş otağına daxil olarkən mobil telefonun səsyazmasını işə salır. Mühasib söhbət əsnasında öz dili ilə ona ayda 1000 AZN əmək haqqı verməli olduqlarını təsdiqləyir, eyni zamanda həmin məbləği ödəməkdən imtina edir.  Üstəlik, əmək kitabçasına intizamsız işçi olması ilə bağlı “maddə” salacağı  ilə hədə-qorxu gəlirlər. E.Məlikov  müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirir və telefona yazdığı “gizli söhbəti” sübut olaraq kopyalayaraq,  ərizə yazır.

Eyni vaxtda şirkət E.Məlikovun AR Əmək Məcəlləsinin 70-ci maddəsini əsas tutaraq onunla bağladığı əmək müqaviləsinə xitam verir. Bununla bağlı hazırlanan əmri isə işçi imzalamaqdan imtina edir və tərəflər arasında mübahisənin məhkəmə mərhələsinə keçidinə səbəb olur. 

Öyrənməmək ayıbdır…

Artıq məsələ ilə bağlı 2 məhkəmə instansiyasının qərarı mövcuddur. Lakin hüquqi qiymət nə zərərçəkəni, nə də müstəqil hüquqşünasları razı salıb. Biz isə oxucularımızın nəticə çıxarmaları üçün əsas üç halla bağlı qanuni tərəflərə toxunmağa çalışaq.

1.      İşçinin işdən azad olunması proseduru düzgün aparılıbmı?

2.      Gizli mühasibatlıq nəticəsində işçilərə dəyən mənəvi və maddi ziyan nədir?

3.      İşçinin istirahət və məzuniyyət hüququnun pozulması halı varmı?   

…işdən keçib

Dövlət Əmək Müfəttişliyinin qaynar xətti açıqlayır ki, işçi işə gəlməyibsə işəgötürən işçinin evinə məktub göndərməlidir. Həmin məktubda bir həftə ərzində işə gəlməsi tələbi qoyulmalıdır. Yəni işçini işdən azad etmək üçün ortada rəsmi fakt olmalıdır. Hüquqşünas Cavid Məhərrəmov isə daha iki hüquqi aspektini açıqladı:

1. Həmkarlar İttifaqı olan müəssisə və təşkilatlarda həmkarlar ittifaqının razılığı tələb olunur.

2. Həmkarlar ittifaqı olmayan təşkilatlarda isə mütləq işçinin hansı səbəbdən işə gəlməməsi araşdırılmalı və yalnız əsaslandırılmaqla işçinin çıxarılmasına dair əmri verilə bilər. E.Məlikovun nümunəsində isə ona zəng vurulub, lakin o, həmin vaxt məzuniyyətdə olduğunu bildirərək, gələ bilməyəcək bir durumu yarandığını deyib. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Və bu ziyan sübutlara əsaslanmalıdır.   

Hüquqşünas hesab edir ki, ikinci haldan sui-istifadə edən işəgötürənlər kimi, nə vaxt istəsələr işdən çıxara bilirlər. Digər işçilər isə işlərini itirməmək qorxusundan bu qanunsuzluğa qarşı çıxmırlar.

İkili mühasibatlığın “ikili üzü”

İşlədiyi şirkəti «artıq xərcə» salmamaq üçün maaşlarının az göstərilməsinə razılaşan işçilər, necə böyük səhvə yol verdiklərini başa büşmürlər. Gizli mühasibatlıq ilk növbədə işçilər üçün bir təhdid vasitəsidir. Bu üsul «Domokl qılıncı» kimi işçinin başının üzərində asılıb ki, birdən ayın sonunda pulumu vermədi. İşəgötürən isə sadə desək, bundan istifadə edərək, işçinin həm maddi – yəni layiq olduğu əmək haqqından, həm də mənəvi – istirahət, məzuniyyət hüquqlarından məhrum edə bilər. C.Məhərrəmovun fikrincə, şirkətlər gizli mühasibatlıq yolu ilə vergi və sosial ödənişlərdən yayınmaqla, təkcə dövlətin yox işçilərin də «cibinə girirlər». Azərbaycan şirkətlərində belə hallar ənənəyə çevrilib. Dövlət büdcəsindən vergiləri yayındıran şirkətlər, sosial ödənişləri ödəməməklə işçilərin gələcək pensiya təminatını heçə endirirlər. Vaxtında məsuliyyə yanaşmayan işçi, bunun ağır nəticələrini . 15-20 il sonra, 63 yaşında pensiyaya çıxanda hiss edir. Amma onda gec olur. 

İşçi sən də özünü insanmı sanırsan?

E.Məlikov özünü həm keyfiyyətli işçi, həm də vətəndaş sayır: “Bunlar mənim əmrimi mən məzuniyyətdə olanda veriblər. Bu da qeyri-qanunidir. Məsələni araşdıran əmək müfəttişi özünü qəribə apardı. Mənə dedi ki, sən məzuniyyətdə olmusansa ərizənin surətini göstər. Çünki direktor deyib ki, o, məzuniyyətdə olmayıb, ərizə-zad da yoxdur... Kim məzuniyyət ərizəsi verəndə kopiyasını alır ki?..”

Eləcə də bax: Məzuniyyət pulu kalkulyatoru

E.Məlikov deyir ki, məzuniyyətin rəsmiləşdirilməsi ilə bağlı şirkət sistemə fərqli vaxtlar daxil edib. İşçilərə verilən məzuniyyət günləri tamam başqa günləri əhatə etməklə kağız üzərində rəsmiləşdirilib. Həmin kağız da yalnız işəgötürəndə olduğundan həmin vaxt “yoxa çıxıb”. Hüquqşünas C.Məhərrəmov hesab edir ki, işgüzar adət-ənənələrə görə məzuniyyətə çıxma ilə bağlı ərizənin sürəti tələb olunmur. Qanunla işçi il ərzində minimum 21 gün məzuniyyət hüququndan istifadə edə bilər. Məzuniyyət zamanı işçinin geri çağırılması qaydası var: ƏM-nin 137.2-ci maddəsinə görə, təxirəsalınmaz işlərin görülməsi zərurəti yaranarsa, o da yalnız işçinin razılığı əsasında (!!!) və əvəzi ödənilməklə məzuniyyət müddəti bitmədən geri çağrıla bilər. 

“Şah işəgötürən deyil, qanundur”

Qeyd edək ki, belə halların artması, nəticədə vergi və sosial ödənişlərdən yayınma hallarının çoxalması höküməti də narahat edib. 2014-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi” işə düşüb. Ölkədə bağlanan bütün əmək müqavilələri və onun detalları, eləcə də müqavilənin ləğv edilməsinin səbəbləri bu sistemdə qeydiyyata alınır. Amma indi məlum olur ki, sistemi bir qədər də təkmilləşdirmək olar, məsələn, işçinin əmək məzuniyyətinə çıxıb-qayıtması tarixləri və ümumiyyətlə, məzuniyyətin hansı hissəsindən istifadə olunduğu da əksini tapmalıdır. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə  Liqasının rəhbəri, hüquqşünas  Sahib Məmmədov: “Vətəndaşların əmək hüquqlarnı pozan xarici və yerli şirkətlərin əksəriyyətinin arxasında böyük qüvvələr dayanır. Ona görə də əmək müfəttişləri onlara yaxın düşə bilmirlər. Bu səbəbdən də problemin qarşısının alınması  mümkün deyil. Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi öz kompitensiyası çərçivəsində belə sahibkarlarla mübarizə aparmağa çalışırlar”.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin sosial hüquq məsələləri üzrə nəzarət sektorunun  müdiri Tərlan Mürsəlov: “Çalışırıq ki,  vətəndaşların müraciətlərinin cavablandırılması dövlət orqanlarında kargüzarlıq işlərinin aparılması qaydalarına uyğun olsun. Müraciətlərə tələbdən asılı olaraq 15 gün və ya 1 ay müddətində cavab verilir. Bəzən vətəndaşlar iştirakdan imtina edirlər. Bu onların hüququdur”. 

Məsləhətli don gen olar:

1. İşçilər onların haqqında çıxarılan istənilən əmri diqqətlə oxusunlar və başa düşmədikləri hissələr üzrə izahat tələb etsinlər. Səbəblərin sənədlərdə tam təfərrüatı ilə göstərilməsinə nail olsunlar.

2. Əmək müqaviləsində real əmək haqqının göstərilməsini tələb etsinlər, əks halda bu barədə müvafiq dövlət orqanlarına məlumat versinlər.

3. Tam məzuniyyət hüququndan istifadə etsinlər. Müvafiq sənədləşmə zamanı ərizənin bir nüsxəsini özlərinə götürsünlər.

4. İş yerini itirməkdən sığortalansınlar. Yəni ixtisar, və ya şirkətin bağlanması və digər səbəblərdən işsiz qaldıqda sığorta ödənişi alsınlar.

Təkliflər yerinə düşdü:

Qanunda məzuniyyətin götürülməsi ilə təfərrüatlarda müəyyən boşluqlar var. “Təklif edirəm ki, işəgötürənin məzuniyyətəburaxma və işçinin məzuniyyətəçıxma ilə bağlı qarşılıqlı təsdiqləyici forma olmalıdır.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «İşsizlik sığortası haqqında» qanun layihəsini hazırlayaraq baxılması üçün hökumətə təqdim edib. Nazir müavini İdris İsayev fins.az-a bildirib ki, artıq bu layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. Qanunun parlamentin payız sessiyasında qəbul ediləcəyi və 2017-ci ilin əvvəlindən işə düşəcəyi gözlənilir. 

Qanuna görə, işsiz vətəndaşa sığorta ödənişi veriləcək (indi bu işsizliyə görə müavinət adlanır).

Amma qanuna görə, işsizlikdən sığorta ilk növbədə o insanlara şamil ediləcək ki, onlar işdən ixtisar ediliblər, və ya müəssisələri bağlınıb və işsiz statusu alıblar. Yəni işdən öz ərizəsi ilə könüllü çıxanlar nə müavinətə, nə də sığorta ödənişinə ümid etməsinlər. Ona görə də işçilər rəhbərliyin «yaxşısı budur öz ərizənlə işdən çıx» kimi «nəzakətli» təkliflərini sadəcə rədd eləməlidirlər. 

P.S. E.Məlikov da faktiki işsizdir. Çünki məhkəmə qərarı olsa da, zərərçəkən əmrə imza atmaqdan imtina etdiyinə görə əmək kitabçasını da ala bilmir ki, işə düzəlsin. Bu isə ayrı bir məhkəmənin mövzusudur.  

 

İlhamə Abdullayeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272