SOSİUM

Dövlət orqanlarının xidmətləri “ASAN”da qiymətləndiriləcək
10 İYUN
177

Dövlət orqanlarının xidmətləri “ASAN”da qiymətləndiriləcək

2016-06-10 08:42:00

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri elektron xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dövlət Agentliyinə tapşırılıb ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin. Bu parametrlərə xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.), xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa), xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, şikayət və nəzarət mexanizmləri və vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir.

Dövlət Agentliyi eyni zamanda elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə “ASAN xidmət indeksi”nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etməli, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etməlidir. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275